Göy üzünə baxdığımızda Ayı adətən parlaq ağ, gümüşü və ya bəzən narıncı çalara yaxın rənglərdə görməyə alışmışıq. Lakin tarixə nəzər saldıqda Ayın və Günəşin belə mavi, hətta fıstıq-yaşıl tonlarda göründüyü qeyri-adi bir dövrün izlərinə rast gəlinir.
Qaynarinfo xəbər verir ki, 1883-cü ildə dünyanın müxtəlif yerlərindən gələn hesabatlar göy üzünün qeyri-adi rənglərə büründüyünü təsvir edir. Həmin dövrdə Ay gecə səmasını mavi işıqla aydınladır, Günəş isə yaşıl tonlarda batırmış. Təbii ki, Ayın səthi birdən-birə rəng dəyişməmişdi; dəyişən onun işığının keçdiyi atmosferin özü idi.
Normal şəraitdə Ay göydə yüksək mövqedə olarkən ağ və ya gümüşü görünür, çünki işıq atmosferdən ciddi səpələnməyə məruz qalmadan gözə çatır. Lakin işığın spektrində mavi tonlar qısa dalğa uzunluğuna malik olduğu üçün atmosferdə daha çox səpələnir. Ay üfüqə yaxınlaşdıqca işıq daha uzun yol qət edir və mavi dalğa boyları daha çox dağılır, nəticədə qırmızı və narıncı tonlar üstünlük təşkil edir. Buna görə gün batımında Ay daha qırmızımtıl görünür. Amma 1883-cü ildə bunun əksinə bir vəziyyət yaranmışdı və atmosfer işığın tarazlığını dəyişmişdi.
Bu rəng dəyişiminin əsas səbəbi 1883-cü ildə İndoneziyada baş verən nəhəng Krakatoa vulkan püskürməsi idi. Uzun müddət bu hadisənin səbəbi ilə bağlı müxtəlif izahlar irəli sürülsə də, müasir elmi modellər atmosferə yayılan kükürd dioksid və vulkanik hissəciklərin rolunu daha aydın göstərir.
Atmosferə yayılan bu hissəciklərin ölçüsü qırmızı işığın dalğa uzunluğuna yaxın idi. Bu isə qırmızı işığın süzülməsinə mane olur, mavi işığın isə daha dominant görünməsinə şərait yaradırdı. Nəticədə göy üzündə mavi-yaşıl tonlu Ay, yaşıl batışlı Günəş və qeyri-adi səma hadisələri müşahidə olunurdu. Bənzər effekt böyük meşə yanğınlarından sonra da müşahidə edilə bilər.
Bəzən "mavi ay” ifadəsi rəng dəyişməsi kimi başa düşülsə də, astronomiyada bu termin tamamilə fərqli məna daşıyır. Ayın orbit dövrü təqvim ayları ilə tam üst-üstə düşmədiyi üçün təxminən hər 2,5 ildən bir bir ildə 13 dolunay baş verir. Bu əlavə dolunay "mavi ay” adlanır. Yəni həqiqətən mavi rəngli Ay görmək üçün sadəcə təqvimi deyil, atmosferi dəyişdirən böyük təbii hadisələri nəzərə almaq lazımdır.
Aydın
Şərhlər