Qurban Qurbanov "Dinamo” ilə oyundan sonra mətbuat konfransında iştirak etmək üçün daxil olduğu zala baxıb, iki dəfə dərindən "ah” çəkdi. Özümü "ahınız dağlara, Qurban bəy” deməkdən güclə saxladım. Düzdür, Çempionlar Liqasının qrum mərhələsinə yüksələ bilmədiyimiz üçün hamımız təəssüflənirdik. Amma Qurban Qurbanov kimi soyuqqanlı davranmağı bacaran, emosiyalarını həmişə cilovlaya bilən bir mütəxəssisin belə dərindən "ah” çəkməsini görüncə təsirlənməmək mümkün deyildi.
Bəli, "Dinamo” Zaqreb keçiləsi rəqib idi. Hələ ötən həftə keçirilən oyun bizdə bu qənaəti yaratmışdı ki, "Dinamo” "Qarabağ”ı ciddi mənada üstələmir, Azərbaycan çempionu bu rəqibi keçəcək gücdədir. Hətta, "Qarabağ” səfərdə 0:3 hesabıyla məğlub olmasına baxmayaraq, "Dinamo”dan daha yaxşı görünmüşdü. Xüsusən də xorvatların birinci qolundan sonra "köhlən atlar” hücumda çoxalmağı, qol imkanları yaratmağa başlamışdı. Təssüflər olsun ki, "Qarabağ” əlinə düşən fürsətlərdən yararlana bilmədi və belə yerdə "vurmayana vurarlar” prinsipi işi düşdü. Futbol belə oyundur. Sən yaratdığın bir-iki qol fürsətini maksimum dəyərləndirməlisən ki, sonda nəticəni öz xeyrinə dəyişə biləsən. Necə deyərlər, yaxşı oynayana xal verilmir, qol vuran xal qazanır. Həm Zaqrebdəki, həm də Bakıdakı oyunda qol vuran tərəf "Dinamo” oldu ki, yekunda da qələbəni onlar bayram etdilər.
Kraliça ilə üzgüçü arasında keçən bir dialoq yadıma düşdü. Kraliça dəfələrlə olimpiya çempionu olmağı bacaran üzgüçüdən belə yaxşı üzməyi harda öyrəndiyini soruşur. Olimiya çempionunun cavabı qısa və məntiqli olur: "suda”. Üzgüçü suda üzə-üzə püxtələşirsə, futbolçu da yaşıl meydanda topun arxasınca qaça-qaça öyrənməlidi. Bir fərq var ki, fərdi idman növlərində hər şey bir idmançının gücündən, konkret yarış vaxtı necə mübarizə aparmasından asılı olursa, futbolun da daxil olduğu komanda idman növlərində vəziyyət fərqlidir. Bu halda bütöv bir kollektivin vahid mexanizm kimi hərəkət etməsi, bir-birini tamamlaması lazımdır. Üstəlik, futbolda bəxt amili da vacib rol oynayır. Mən iddia etmirəm ki, 90 dəqiqənin yükun nəticəsini bütünlüklə bəxt müəyyənləşdirir, bəxti gətirən qələbə qazanır. Di gəl ki, həlledici məqamlarda bəxtin vacib olduğunu heç kim dana bilməz. "Qarabağ”ın futbolçuları 3-5 metrədən "Dinamo”nun qapısına yol tapa bilmədilərsə, xorvatların vurduğu zərbələrdən ikisi birinci halda dirəyə, ikinci halda isə "Qarabağ”ın müdafiəçisinə dəyəndən sonra tora qovuşdu.
İşin bir də statistik tərəfi var. Biz həmin nüansları oyun zamanı açıq-aşkar görə bilməsək də, müasir texnologiyaların nəzər nöqtəsindən heç nə yayınmır. Mətbuat konfransında Qurban Qurbanov məhz bu məqama toxundu. Vurğuladı ki, 33 yaşlı Zubir başda olmaqla bütün futbolçuların fiziki göstəriciləri, oyun ərzində qət edikləri məsafə, sürət kimi amillər yaxşıdır. Bunu da müasir texnologiyanın vasitəsiylə izləyir, nəticələri əldə edirlər. İstisnalar olsa da, ümumi şəkildə "Qarabağ”ın "Dinamo”dan səviyyəcə aşkar geri qalmadığını demək mümkündür. Tək nöqsan hücumda bitiriciliyin olmamasıdır. Bu da "Qarabağ”ın xüsusiyyətlərindən ən çox hiss olunanıdır. Biz də bu reallıqla barışmışıq.
Dünyanın sonu deyil. Bəli, Çempionlrar Liqasında "Qarabağ”ı görmək arzumuz çin olmadı. Lakin Azərbaycan çempionu üçün avrokubok məcarası indi-indi qızışır, hələ heç nə bitməyib. Çalışaq, bir qədər də realist olaq, ahımızı dağlara!
Amal Abuşov
Şərhlər