Amerikalı arxeoloqlar 1721-ci ildə piratlar tərəfindən ələ keçirilmiş portuqal gəmisinin qalıqlarını aşkar etdiklərini bildiriblər.
Qaynarinfo xəbər verir ki, "Daily Galaxy” nəşrinin yazdığına görə, söhbət uzun müddətdir itmiş əfsanəvi xəzinə ilə əlaqələndirilən "Nossa Senhora do Cabo” gəmisindən gedir.
Məlumata əsasən, gəmi Hindistandan Portuqaliyaya doğru hərəkət edərkən göyərtəsində yüksək vəzifəli şəxslər, dini liderlər və son dərəcə qiymətli yüklər daşıyıb. Bu hadisə XVIII əsrin əvvəllərində Hind okeanında geniş yayılmış pirat fəaliyyətinin bir hissəsi kimi qiymətləndirilir.
1721-ci ildə gəmidə Portuqaliya vitse-kralı və Qoa arxiyepiskopu ilə yanaşı, təxminən 200 qul da olub. Gəmi Reyunyon adası yaxınlığında "La Buse” ("Qartal”) ləqəbi ilə tanınan pirat Olivye Levasseurun rəhbərlik etdiyi dəstə tərəfindən ələ keçirilib.
Tarixi mənbələrə görə, gəmi əvvəlcədən fırtına nəticəsində zədələndiyi üçün müqavimət göstərmək imkanları məhdud olub. Piratlar gəmini ələ keçirdikdən sonra onu təxminən 640 kilometr qərbə – o dövrdə İl-Sent-Mari kimi tanınan Nosi-Boraha adasına aparıblar.
Gəminin yükü arasında qızıl və gümüş külçələri, sikkələr, ipək parçalar və yüzlərlə qiymətli daş – o cümlədən almaz və zümrüdlər olduğu qeyd edilir.
Arxeoloqlar Brendon Klifford və Mark Aqostini illərlə sonar və uzaqdan zondlama texnologiyalarından istifadə edərək gəminin yerini müəyyən etdiklərini açıqlayıblar. Onların araşdırmasına əsasən, qəza yerindən 3 300-dən çox artefakt çıxarılıb.
Tapıntılar arasında Qoadan gətirildiyi ehtimal olunan dini əşyalar, o cümlədən Müqəddəs Məryəm heykəlcikləri və Nazaretli İsa ilə bağlı yazılar olan lövhələr var. Bundan əlavə, keramika parçaları və üzərində ərəb yazıları olan qızıl sikkələr də aşkarlanıb. Bəzi qiymətli əşyaların isə hələ də dəniz dibində qum və lil altında qaldığı bildirilir.
Maraqlıdır ki, bütün xəzinə su altında qalmayıb. Tarixi sənədlərə görə, Levasseur və komandası gəmini tərk etməzdən əvvəl qiymətli əşyaların əhəmiyyətli hissəsini götürüblər. Daha sonra bu əşyaların bir qismi və əsir götürülmüş vitse-kral fidyə müqabilində Lissabona qaytarılıb.
Gəmidə olan arxiyepiskopun və təxminən 200 qulun taleyi isə naməlum olaraq qalır. Tədqiqatçılar hesab edir ki, qəza zonasının ətrafında daha 10-a yaxın batmış gəmi ola bilər.
Aydın
Şərhlər