Xəbər lenti

13 milyard işıq ili uzaqlıqdan gələn 10 saniyəlik siqnal
Dünya 09:47 16.01.2026

13 milyard işıq ili uzaqlıqdan gələn 10 saniyəlik siqnal

Kainatın ən qaranlıq və ən uzaq guşələrindən yola çıxan 10 saniyəlik sirli bir siqnal bəşəriyyət tərəfindən aşkar edilib. Elmi dairələrdə böyük maraq doğuran bu yeni kəşf bizi zamanın başlanğıcına, kainatın cəmi 730 milyon yaşında olduğu "şəfəq dövrü”nə aparır.

Qaynarinfo xəbər verir ki, Yer orbitində yerləşən peyklərin təsdiqlədiyi məlumatlara görə, 13 milyard işıq ili uzaqlıqdan gələn bu enerji partlayışı böyük ehtimalla nəhəng bir ulduzun supernova kimi partlaması nəticəsində yaranıb. Kosmosda məsafə eyni zamanda zaman demək olduğu üçün alimlər əslində hazırda 13 milyard il əvvəl baş vermiş bir hadisəni müşahidə edirlər.

"GRB 250314A” adlandırılan bu yüksək enerjili qamma şüa partlayışı ilk dəfə 14 mart 2025-ci ildə fransız və çinli alimlərin birgə layihəsi olan "SVOM” peyki tərəfindən qeydə alınıb. Qamma şüaları insan bədənindən belə keçə bilən, rentgen şüalarından xeyli güclü və gözlə görünməyən enerji dalğalarıdır. Kosmosda nəhəng ulduzlar çökərkən yaranan bu son dərəcə güclü radiasiya Yerə çatanda xeyli zəifləsə də, inkişaf etmiş teleskoplar üçün demək olar ki, koredici bir işıq mənbəyinə çevrilir. Bu partlayış isə təkcə uzaqlığı ilə deyil, müasir ulduz partlayışları ilə təəccüblü dərəcədə oxşarlığı ilə də diqqət çəkir.

Kosmik zaman maşını: Ceyms Uebb fəaliyyətdədir

Elm aləmində uzun müddətdir ki, kainatın ilk dövrlərindəki ulduzların daha böyük, daha isti və daha vəhşi partlayışlar yaratdığı düşünülürdü. Lakin 2025-ci ilin yayında Ceyms Uebb Kosmik Teleskopunun partlayışdan qalan zəif parıltını araşdırması ilə mənzərə dəyişdi. Radboud Universitetindən professor Endryu Levanın rəhbərlik etdiyi tədqiqatlar bu qədim supernovanın müasir partlayışlarla demək olar ki, eyni olduğunu göstərdi. Bu isə o deməkdir ki, kainat cəmi beş faiz yaşında olarkən belə ulduzlar milyardlarla il sonrakı "nəsilləri” ilə eyni şəkildə həyatlarını başa vururdular.

2025-ci ilin dekabrında dərc olunan yeni araşdırmalar bu kəşfin kosmik tarix anlayışımızı sarsıda biləcəyini ortaya qoyur. Adətən Böyük Partlayışdan dərhal sonra yaranan ilk nəsil ulduzların çox qısaömürlü olması və Günəşimizdən fərqli elementlər ehtiva etməsi gözlənilirdi. Lakin bu son siqnal ilk ulduzların düşünüləndən daha "tanış” bir quruluşa malik olduğunu sübut edir. Bu isə ya kainatın gözləniləndən daha sürətlə yetkinləşdiyini, ya da ulduzların ölümü ilə bağlı əsas nəzəriyyələrimizdə boşluqlar olduğunu göstərir.

Elm adamları indi "Ceyms Uebb”in imkanlarından istifadə edərək kainatın ilk bir milyard ilinə dair daha çox ipucu əldə etməyi və bu "müasir görkəmli qədim nəhənglər”in sirrini açmağı hədəfləyirlər.

Aydın

--> -->