Xəbər lenti

Yaponiyada baş nazirlik uğrunda mübarizə: Qadın namizəd və ən gənc siyasətçi ön planda
Dünya 22:45 02.10.2025

Yaponiyada baş nazirlik uğrunda mübarizə: Qadın namizəd və ən gənc siyasətçi ön planda

Oktyabrın 4-də Yaponiyanın hakim Liberal-demokrat partiyasının (LDP) üzvləri yeni liderlərini və eyni zamanda ölkənin baş nazirini seçmək üçün səs verəcəklər. 

Qaynarinfo xəbər verir ki, vəzifədən gedən Siqeru İşibanın yerinə beş siyasətçi namizədliyini irəli sürüb, lakin əsas mübarizə iki nəfər arasında gedir: Yaponiyanın tarixində ilk qadın baş nazir ola biləcək Sanae Takaiçi və ölkənin ən gənc hökumət başçısı olmaq şansı olan Sindzioro Koizumi.

Siqeru İşiba ötən ilin payızında hakim partiyanın rəhbəri seçilmişdi, lakin korrupsiya qalmaqalları, bahalaşma və iqtisadi böhran fonunda partiya böhranını aradan qaldırmaq vədini reallaşdıra bilməyib. İyul ayında keçirilən parlament seçkilərində LDP koalisiyasının hər iki palatada çoxluğu itirməsindən sonra İşiba sentyabrda istefa verdiyini açıqlayıb.

Bu dəfə seçkilərdə iştirak edən beş namizədin hər biri ötən il də mübarizədə olub. Onların arasında ən təcrübəlisi, partiyanın hazırkı baş katibi, 69 yaşlı Toşimitsu Motegi, iqtisadi islahat və maaşların artırılmasını vəd edir. 64 yaşlı hökumət katibi Yosimasa Hayasi isə sosial dəstək tədbirləri və mülayim müdafiə xərcləri ilə seçilir. 50 yaşlı keçmiş iqtisadi təhlükəsizlik naziri Takayuki Kobayaşi isə ölkənin müdafiə gücünü artırmağın tərəfdarıdır.

Əsas diqqət isə Sanae Takaiçi və Sindzioro Koizumiyə yönəlib. 64 yaşlı Takaiçi ötən ilki seçkilərdə ikinci olmuşdu. Onu partiyanın ən mühafizəkar və hətta radikal fiqurlarından biri hesab edirlər. Keçmişdə Yasukuni məbədinə səfər edəcəyini bildirməsi qonşu ölkələrdə narazılıq yaratmışdı. Bu dəfə isə Takaiçi daha yumşaq mövqe nümayiş etdirərək prioritetlərini konstitusiyada özünümüdafiə qüvvələrinin statusunu gücləndirmək, xarici sərmayələrə nəzarət mexanizmi yaratmaq, benzin vergisini ləğv etmək və yeni nəsil atom reaktorları inşa etmək kimi məsələlərdə cəmləyib. O, həmçinin miqrasiya siyasətində sərt mövqeyi ilə seçilir.

44 yaşlı Sindzioro Koizumi isə sabiq baş nazir Cunitiro Koizuminin oğludur və hazırda kənd təsərrüfatı naziridir. O, partiyaya yeni nəsil seçiciləri cəlb edə biləcək ən gənc namizəd kimi diqqət çəkir. Koizuminin liberal baxışları — ailə hüquqlarında islahatlar və qadının imperator taxtına çıxmaq hüququnu müdafiə etməsi — mühafizəkar dairələrin müqavimətinə səbəb ola bilər.

Oktyabrın 4-də keçiriləcək səsvermədə qalib gələcək namizədi ciddi vəzifələr gözləyir: parçalanmış partiya sıralarını birləşdirmək, koalisiya tərəfdaşı "Komeyto" ilə əməkdaşlığı bərpa etmək və güclənmiş müxalifətlə parlamentdə hökumət rəhbəri kimi təsdiqlənmək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->