Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci sammitini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan XİN-dən bildirilib.
H.Fidan həmkarını Qazaxıstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar arzulayıb. Y.Koşerbayev Qazaxıstan və Türkiyə arasında genişləndirilmiş strateji tərəfdaşlığın hərtərəfli dərinləşdirilməsinə sadiqliyini ifadə edib.
Tərəflər ali və yüksək səviyyələrdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda fəal dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.
"Bundan başqa, nazirlər Türk Dövlətləri Təşkilatının Azərbaycanda 12-ci sammitinin uğurla keçirilməsini arzu ediblər", - məlumatda qeyd olunub.
Şərhlər