Xəbər lenti

Prezidentin Kopenhagen səfəri: Avropaya verilən strateji mesaj
Siyasət 22:01 02.10.2025

Prezidentin Kopenhagen səfəri: Avropaya verilən strateji mesaj

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı Avropanın enerji təhlükəsizliyi, regional münaqişələr və strateji tərəfdaşlıqlar baxımından mühüm məkan oldu. Zirvədə 45-dən çox dövlət və hökumət başçısı iştirak edirdi. Bu platformada Azərbaycan Prezidentinin mövqeyi xüsusi diqqət çəkdi. Çünki Avropanın enerji xəritəsində Azərbaycanın payı artıq 2024-cü ildən etibarən 12 ölkəni əhatə edir və 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planı mövcuddur.

Ən diqqətçəkən hadisə Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Son aylarda Brüssel və Vaşinqton formatlarında aparılan müzakirələrə Kopenhagen görüşü əlavə edilsə də, Əliyev bir daha bəyan etdi ki, "Qarabağ münaqişəsi başa çatıb, danışıqların mövzusu yalnız sülh müqaviləsi və sərhədlərin delimitasiyası ola bilər.”
 
Bu mövqe həm aydın, həm də prinsipialdır. Çünki 2020-ci ildən sonra regionun reallığı dəyişib və bunu Paşinyanın özü də etiraf etmək məcburiyyətində qalır.

Əlavə olaraq, görüşdə kommunikasiya xətlərinin açılması məsələsi də gündəmdə olub. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Avropa üçün mühüm mövzudur. Çünki Zəngəzur dəhlizi reallaşacağı halda, Avropa-Asiya ticarət xətti üçün yeni marşrut formalaşacaq.

Prezident İlham Əliyevin Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşləri Kopenhagen səfərinin strateji xəttini daha da gücləndirdi.

 Von der Leyen hələ 2022-ci ildə Bakıda imzaladığı sənədlə Azərbaycanı Avropanın "etibarlı enerji tərəfdaşı” adlandırmışdı. Bu dəfəki görüşdə isə əsas vurğu yaşıl enerji layihələrinə edildi. Xatırladaq ki, Qara dənizdən Avropaya çəkiləcək "yaşıl kabel” layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə iştirak edir.
 


Antonio Koşta ilə müzakirələrdə isə Azərbaycanın Avropa siyasi sisteminə inteqrasiya imkanları və enerji təhlükəsizliyindəki rolu müzakirə olundu.

Kopenhagendə Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü də diqqət çəkdi. Moldova Avropanın ən həssas ölkələrindən biridir, çünki enerji asılılığı onun milli təhlükəsizliyinin əsas zəif nöqtəsidir. Bu kontekstdə Azərbaycan qazının Moldovaya çatdırılması məsələsi gündəmə gəlib. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Şərqi Avropada da mühüm oyunçuya çevrildiyini göstərir.

Prezident İlham Əliyevin çıxışları bir neçə strateji mesajı özündə ehtiva edirdi.

Əliyev açıq şəkildə bəyan etdi ki, Ermənistanla sülh müqaviləsi imzalanacağı halda regionda tamamilə yeni əməkdaşlıq mərhələsi başlayacaq. O cümlədən, Azərbaycanın qaz və "yaşıl enerji” potensialı Avropanın ən çox ehtiyac duyduğu sahədir.
Həmçinin,Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, həm də Avropanın siyasi müzakirələrində mərkəzi mövqeyə sahibdir.
Kopenhagen zirvəsi göstərdi ki, Azərbaycannın siyasəti artıq lokal deyil, Avropada əhəmiyyət daşıyan xəttə çevrilib. İlham Əliyevin Paşinyanla görüşü sülh prosesinin davamlılığını təsdiqlədi, Avropa İttifaqı rəhbərləri ilə dialoqu enerji xəritəsində Azərbaycanın çəkisini artırdı, Moldova ilə danışıqlar isə Şərqi Avropa ilə yeni enerji körpüsünü formalaşdırdı.

Zirvənin sonunda yaranan ümumi mənzərə belədir: Azərbaycan artıq sadəcə regional aktor deyil. Bakı həm sülhün təşəbbüskarı, həm də Avropanın enerji təminatçısı kimi çıxış edir. İlham Əliyevin Kopenhagen səfəri bir daha göstərdi ki, Azərbaycanın diplomatiyası lokal sərhədləri çoxdan aşaraq qlobal siyasətdə mühüm söz sahibinə çevrilib.

Elnarə Akimova

Milli Məclisin deputatı, 
YAP İdarə Heyətinin üzvü, 
Filologiya elmləri doktoru

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->