Zambiyada bu ilin qışında metallurgiya zavodunun tullantı gölünü saxlayan bəndin dağılması ölkəni ekoloji fəlakətlə üz-üzə qoyub.
Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində yüzlərlə metr məsafəyə yayılan turşu şlamı kənd təsərrüfatı sahələrini örtüb və ölkənin çay sisteminə qarışıb. Məsələ barədə "The Telegraph" yazıb.
Müstəqil ekoloji qiymətləndirməyə görə, fəlakət zamanı təxminən 1,5 milyon ton yüksək turşulu mədən tullantısı çaylara qarışıb. Şlam əvvəlcə Mvambaşi, daha sonra isə Kafue çayına düşərək suyu o qədər turş edib ki, testlər nəticəsində bu suyun canlı orqanizmləri həll edə biləcək dərəcədə təhlükəli olduğu müəyyənləşdirilib.
Mənbələrin bildirdiyinə görə, çayda ölü balıqlar və qurbağalar üzə çıxıb, ətrafda isə ölü begemot və timsahlar tapılıb. Hakimiyyət helikopterlərlə çaylara tonlarla əhəng ataraq turşunu neytrallaşdırmağa çalışıb. Lakin analizlər göstərib ki, suda həmçinin arsen, sianid və digər ağır metallardan ibarət "kokteyl" mövcuddur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu çirklənmə gələcək nəsillərdə xərçəng, qaraciyər, ağciyər və digər xroniki xəstəliklərin yayılmasına səbəb ola bilər.
Fəlakət Zambiyanın kənd təsərrüfatı və su təminatına ciddi zərbə vurmaqla yanaşı, ölkədə böyük siyasi müzakirələrə də səbəb olub. Qəzet yazır ki, Çin şirkətlərinin mədən sənayesinə yatırdığı sərmayələr Pekinə Zambiyada güclü təsir imkanı yaradıb.
Ekoloji fəal Çilekva Mumba bildirib ki, Kafue çayı ölkənin əhalisinin təxminən 60 faizinin içməli su mənbəyidir:
"Hadisənin miqyası hökumətin göstərdiyindən qat-qat böyükdür. Hakimiyyət çox ləng reaksiya verdi. Bu məsələdə iqtisadi maraqlar insan sağlamlığından üstün tutulur".
Rəsmi qurumlar suyun artıq təhlükəsiz olduğunu desə də, bəzi dövlət rəsmiləri daxili söhbətlərdə hökumətin hadisədən ciddi narazı qaldığını bildiriblər.
Fəlakətə səbəb olan "Sino Metals" şirkəti üzr istəyib və ərazinin təmizlənməsinə yardım edəcəyini açıqlayıb. Əvvəlcə hökumət tullantıların miqdarını 50 min ton qiymətləndirsə də, Cənubi Afrikadan dəvət olunan "Drizit" şirkətinin araşdırmaları nəticəsində faktiki olaraq 30 dəfə çox – 1,5 milyon ton tullantının çaylara axdığı məlum olub.
Zərərçəkmiş fermerlər isə aldıqları kompensasiyanın çox az olduğunu deyirlər. Onların sözlərinə görə, sahələr tamamilə məhv olub:
"İndi hər şey ölüdür. Heç bir bitki sağ qalmayıb, torpaq məhsul vermir".
Zambiya vitse-prezidenti Mutale Nalumango bəyan edib ki, əgər ziyan əvvəlcədən hesablanandan daha çox olarsa, əlavə kompensasiya tələb olunacaq.
Bölgə sakinləri isə yağış mövsümünün yaxınlaşması ilə toksinlərin daha geniş yayılacağından ehtiyat edirlər. Çay ekosistemi hələ də bərpa olunmayıb, lakin içməli su alternativi olmadığı üçün bir çox insan çay suyunu məcburən istifadə etməyə davam edir.
Aydın
Şərhlər