Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib ki, əgər Rusiya ordusu Ukraynanın enerji infrastrukturunu dağıtmaq və ölkəni qaranlığa qərq etmək cəhdlərini davam etdirsə, Ukrayna Moskvada kütləvi elektrik kəsintisi – "blekaut” təşkil edəcək.
Qaynarinfo xəbər verir ki, o bu baqrədə "Ukrinform”a müsahibəsində
deyib.
Onun sözlərinə görə, düşmənin ölkəyə zərər vurmağa yönəlmiş istənilən addımı simmetrik cavab alacaq: "Prezident [Vladimir Zelenski] tamamilə düzgün deyib – biz imkan tapacağıq, silah da tapacağıq, əməliyyatları da keçirəcəyik və onlar [Rusiya] mütləq anlayacaqlar ki, bu yolla üstünlük əldə edə bilməyəcəklər”.
Xatırladaq ki, ötən həftə Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən sonra Kreml rəsmilərini uzaqmənzilli silahlarla vurulacaq zərbələrlə hədələmişdi:
"Onlar bilməlidirlər ki, sığınacaqlar haradadır. Onların buna ehtiyacı var”. O, həmçinin xəbərdarlıq etmişdi ki, əgər Rusiya Kiyevdə elektrik kəsintisi yaratmaq hədəsi ilə çıxış edirsə, "Kreml bilməlidir ki, Moskvada da bənzər vəziyyət olacaq”.
"The Wall Street Journal”ın məlumatına görə, Tramp artıq Pentaqona və ABŞ kəşfiyyatına Ukraynaya Rusiya enerji obyektləri – elektrik stansiyaları, neftayırma zavodları və digər hədəflər barədə kəşfiyyat məlumatı ötürmək icazəsi verib.
Qnatov əlavə edib ki, Ukraynanın uzaqmənzilli raketlər də daxil olmaqla "istənilən silah növü ilə vəziyyəti yaxşıdır”. Onun sözlərinə görə, Rusiya hələ də qırıcı təyyarələr və raketlərin sayına görə üstünlük saxlayır, lakin Ukrayna ordusu bu silahları "fərqli üsullarla tətbiq edir”. Bu isə, Baş Qərargah rəisinin fikrincə, Rusiyaya müharibədə qalib gəlmək üçün lazım olan strateji üstünlüyü qazandırmır.
Son günlər enerji müharibəsi daha da kəskinləşib. 2 oktyabr gecəsi Rusiya Ordusunun zərbələrindən sonra Odessa vilayətində 46,6 min abunəçi işıqsız qalıb. Zərbə həmçinin "Ukrzaliznıtsya”ya məxsus depo və bir infrastruktur obyektinə dəyib, nəticədə bir işçi yaralanıb.
Eyni zamanda, 28 sentyabrda Ukrayna Ordusunun Belqoroda raket zərbələri nəticəsində şəhərdə genişmiqyaslı elektrik kəsintisi, isti su təchizatında nasazlıqlar yaranıb. İlkin məlumatlara görə, raketlərdən biri Belqorod İstilik Elektrik Stansiyasına (İES), digəri isə "Luç” adlı şəhər yarımstansiyasına dəyib. Belqorodla yanaşı, Stariy Oskol, Şebekino və bir neçə yaşayış məntəqəsi də işıqsız qalıb.
İndi münaqişənin yeni mərhələsində tərəflərin enerji infrastrukturu üzərindən bir-birinə strateji təzyiq göstərməsi əsas tendensiyalardan birinə çevrilib.
Alpər
Şərhlər