Xəbər lenti

Vaxtı keçmiş kosmetik məhsullar sağlamlıq üçün risk yaradır (XƏBƏRDARLIQ)
Sağlamlıq 22:45 26.05.2026

Vaxtı keçmiş kosmetik məhsullar sağlamlıq üçün risk yaradır (XƏBƏRDARLIQ)

Mütəxəssislər xəbərdarlıq edirlər ki, istifadə müddəti keçmiş kosmetik məhsullar dəridə qıcıqlanma yarada, həmçinin bakteriya yayaraq sağlamlıq üçün risk formalaşdıra bilər.

Qaynarinfo "Martha Stewart” nəşrinə istinadən xəbər verir ki, Dermatoloqlar Karolin Cakob və Solomiya Qruşcak bildiriblər ki, kosmetik vasitələrin teksturasında, qoxusunda, rəngində və ya təsirində dəyişiklik müşahidə olunarsa, həmin məhsul dərhal istifadədən çıxarılmalıdır.

Onların sözlərinə görə, xüsusilə göz makiyajı, aktiv tərkibli dəriyə qulluq məhsulları, prosedur sonrası serumlar və sızanaq əleyhinə vasitələr vaxtı keçdikdə daha yüksək risk daşıyır və infeksiyalara səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, məhsulun ayrılması, qatılaşması, rəng dəyişməsi və ya xoşagəlməz qoxu əmələ gətirməsi onun artıq yararsız olduğuna işarədir. Xüsusilə günəş kremlərinin tərkibindəki dəyişikliklər dərinin qorunmasını zəiflədərək ciddi nəticələrə yol aça bilər.

Bildirilir ki, göz makiyajı vasitələri – tuş, maye göz layneri və krem göz kölgələri bakteriya yaranması riskinə görə daha qısa müddətdə dəyişdirilməlidir. Aktiv tərkibli serumlar isə hava və işıqla təmas nəticəsində oksidləşərək təsirini itirir və dəriyə zərər verə bilər.

Mütəxəssislər həmçinin istifadə müddətləri ilə bağlı tövsiyələr də veriblər: vitamin C serumları 3–6 ay, retinoidlər 6–12 ay, nəmləndiricilər və təmizləyicilər 12 ay, tuş isə təxminən 3 ay istifadə olunmalıdır. Pudra məhsulların isə 18–24 ayadək yararlı qala biləcəyi qeyd olunur.

Ekspertlər kosmetik vasitələrin sərin və quru şəraitdə saxlanılmasının onların yararlılıq müddətini uzatdığını da vurğulayırlar.
 
Günay
--> -->