Xəbər lenti

Milli Məclisdə çağırış: Şəhərlər böyüsün, amma kəndlər boşalmasın!
Ölkə 22:49 26.05.2026

Milli Məclisdə çağırış: Şəhərlər böyüsün, amma kəndlər boşalmasın!

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı müzakirə olunub.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova bildirib ki, gender bərabərliyi məsələsi yalnız sosial siyasətin bir istiqaməti deyil, eyni zamanda dövlətin humanist mahiyyətinin, cəmiyyətin demokratik düşüncəsinin və inkişaf fəlsəfəsinin mühüm göstəricisidir.

Deputat qeyd edib ki, Azərbaycan tarixən qadına böyük dəyər verən, onu ailənin, cəmiyyətin və dövlətin dayağı hesab edən ölkə olub və bu ənənənin ən parlaq nümunələrindən biri Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti zamanı ortaya qoyulan yanaşmadır.

E.Akimova çıxışında Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əhməd Ağaoğlunun qadın azadlığı və ictimai fəallıqla bağlı baxışlarına da toxunub. O bildirib ki, Ağaoğlunun qızlarının təhsili ilə bağlı səsləndirdiyi fikirlər bu gün də aktuallığını qoruyur və gender məsələsinə münasibət milli düşüncə məktəbinin formalaşdırdığı prinsiplər üzərində qurulmalıdır.

Millət vəkili xatırladıb ki, Əhməd Ağaoğlunun qızı, əslən Şuşalı olan Sürəyya Ağaoğlu sonradan Türkiyənin ilk qadın hüquqşünası kimi tarixə düşüb və bu fakt Azərbaycan maarifçilik ənənələrinin gücünü göstərən nümunələrdən biridir.

Onun sözlərinə görə, qadınların ictimai həyatda iştirakı və azadlığı mövzusu Azərbaycanda hələ XX əsrin əvvəllərində mətbuatın əsas müzakirə mövzularından olub. Azərbaycan mətbuatı o dövrdə Avropada qadın hüquqları uğrunda gedən prosesləri izləyir, qadının cəmiyyətdəki yerinə dair mütərəqqi yanaşmalar ortaya qoyurdu.
Deputat çıxışında ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətin də danışaraq bildirib ki, şəhərlərin inkişafı yalnız infrastruktur məsələsi deyil, həm də mədəniyyətin və sosial münasibətlərin transformasiyasıdır.

Bu kontekstdə Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərə diqqət çəkən deputat ölkə başçısının yanaşmasını yeni inkişaf fəlsəfəsinin əsas istiqamətlərindən biri kimi dəyərləndirib.

E.Akimova Prezidentin bu fikrini sitat gətirib:

"Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır”.

Deputat bildirib ki, bu yanaşma yalnız kənd təsərrüfatının inkişafına deyil, həm də milli ənənələrə söykənən yeni modern mədəni modelin formalaşmasına xidmət edir.

O vurğulayıb ki, rayon və kəndlərdə təhsilə diqqətin artırılması, sosial dəstəyin gücləndirilməsi və ali təhsil alan gənclər üçün bölgələrdə fəaliyyət imkanlarının daha cəlbedici edilməsi vacib istiqamətlərdəndir.

Millət vəkili həmçinin Prezident İlham Əliyevin peşə təhsilinin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan da bəhs edib:

"Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Peşə Təhsili ilə bağlı atdığı mütərəqqi addımlar yüksək dəyərləndirilməlidir”.

Deputat çıxışının sonunda qeyd edib ki, bu gün həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan qadını idarəetmədən elmə, təhsildən sahibkarlığa qədər bütün sahələrdə fəal iştirak edir və ölkənin inkişafına mühüm töhfələr verir.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq proseslərindəki fəaliyyətini də tarixdən gələn mənəvi missiyanın davamı kimi qiymətləndirib və əminliyini ifadə edib ki, Azərbaycan qadını bundan sonra da yeni uğurlarla ölkənin inkişaf salnaməsində mühüm yer tutacaq.
--> -->