"Yaxın dövrdə Ankara, Bakı və İslamabad arasında hərbi, investisiya qoyuluşu, təhsil sahəsində əməkdaşlıq, enerji, kritik minerallar sahəsində yeni addımlar atılacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Pakistan baş naziri Şahbaz Şəriflə keçirdiyi mətbuat konfransında Bakı və İslamabadla birlikdə yeni addımlar atacaqları barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatı şərh edərkən deyib.
Əlimusa İbrahimov bildirib ki, Şahbaz Şərifin Türkiyəyə səfəri iki ölkə arasında bütün sahələr üzrə mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində ciddi bir təkan olacaq:
"Bu vaxta qədər mövcud olan müsbət məzmunlu münasibətlər daha da intensivləşərək iki ölkənin hüdudlarını aşmaqla qlobal problemlərin həllində birgə təşəbbüsləri əhatə edəcək. Ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələ isə mətbuat konfransı zamanı Azərbaycandan da söhbət açılmasıdır. Türkiyə Prezident Rəcəb Tayyip Ərdoğanın "İnşallah, Türk Cümhuriyyətləri, xüsusilə Azərbaycan, Pakistan və Türkiyə ilə əməkdaşlıqda yeni addımlar atacağıq" deməsi həm qürurvericidir, həm də gələcək layihələrə Azərbaycanın da daxil olmasına işarədir".
Ekspert qeyd edir ki, Türkiyə prezident Pakistanla Türkiyə arasında olan münasibətlərin əhatə dairəsini təsvir edərkən yeni addımların atılacağı barədə də məlumat verib:
"Görüş zamanı tərəflərin iki ölkənin hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığa vurğu edilməsi onlar arasında bu istiqmətdə daha geniş layihələrin nəzərdə tutulduğuna işarədir. Hər iki ölkənin bu sahədə əməkdaşlıq etmək üçün potensial imkanları var. Bu imkanları birləşdirməklə qısa müddətdə silah istehsalı sahəsində qarşıda duran hədəflərə nail olmaq mümkündür. Sevindirici hal Azərbaycanın da gələcək layihələrdə Pakistan və Türkiyə ilə birlikdə olmasıdır.
Bundan başqa, birgə addımlar dedikdə, qarşılıqlı investisiyalar və azad iqtisadi zonaların yaradılması da nəzərdə tutulur. Habelə, enerji, kritik minerallar məsələsi də tərəflərin gündəmindədir. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini də bura əlavə edə bilərik".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan baş naziri Şahbaz Şəriflə görüşündə Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacaqlarının anonsunu verib. O bildirib ki, rəsmi Ankara Türk dövlətləri və İslamabadla əlaqələri daha da gücləndirəcək: "Biz birlikdə yeni işlər görəcəyik".
Amma Ərdoğan birgə yeni addımların nədən ibarə olacağının təfərrüatlarını açıqlamayıb.
Rüfət Sultan
Şərhlər