"Trampın Ərdoğandan Rusiya-Ukrayna müharibəsində vasitəçi olmaqla bağlı xahişi əslində hakimiyyətə gələn günün səhəri Ukrayna münaqişəsini bitirəcəyini deyən ABŞ liderinin bu istiqamətdə həll siyasətinin ya əvvəldən olmaması, yaxud da həmin konsepsiyanın fiaskoya uğramasının əlamətidir".
Bunu Qaynarinfo-ya açılamasında politoloq Taleh Əliyev Türkiyə mətbuatının yazdığına görə ABŞ prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ondan Ukrayna münaqişəsində vasitəçi olmasını xahiş etməsi məsələsini şərh edərkən deyib.
"Ona görə də Tramp artıq başqalarından məsələnin həllinə kömək etmək üçün imdad diləyir", deyə Taleh Əliyev qeyd edib.
Ekspert hesab etmir ki, Türkiyə hazırkı mərhələdə münaqişənin həllinə ciddi töhfələr verə bilsin:
"İndiki məqam üçün bu, real deyil. Çünki münaqişə tərəflərinin sülhlə bağlı anlayışları tamamilə bir-birinə ziddir. Belə vəziyyətdə isə vasitəçilik uğurlu alına bilməz. Münaqişədə sülhün əldə edilməsi üçün məhz haqsız tərəfin sülhə məcbur edilməsi siyasəti müəyyənləşdirilməlidir. Sülhə məcburetmə mexanizmi işlənib hazırlanmadan Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətini durdurmaq mümkün olmayacaq və müharibə illərlə davam edəcək. Ona görə də mövcud vəziyyətdə Türkiyənin belə bir uğursuz siyasətə vasitəçilik edəcəyini düşünmürəm".
Qeyd edək ki, Türkiyənin "Hürriyyət" nəşri telefon danışığında Ağ Ev rəhbərinin Türkiyə liderindən Ukrayna münaqişənin həllində vasitəçi olmağı xahiş etdiyini bildirib. Bu məlumat həqiqəti əks etdirirsə, deməli əslində Trampın vasitəçilik missiyasının fiaskoya uğradığına işarədir. Görünür, bunun nəticəsidir ki, Tramp həmin məsələ üçün Ərdoğana ağız açmalı olub. Hansı ki, Türkiyə Ukrayna Rusiya müharibəsinin əvvəlində vasitəçilik istiqamətində müəyyən addımlar atmağa nail olmuşdu. Yalnız sonradan prosesə başqa kənar müdaxilələrin nəticəsində sözügedən proses də yarımçıq qaldı.
Rüfət Sultan
Şərhlər