"Intel" şirkəti keçmiş bir proqram mühəndisinin, aralarında "çox gizli” qeydli sənədlərin də olduğu təxminən 18 min faylı oğurlaması ilə bağlı qalmaqalla üzləşib.
Qaynarinfo xəbər verir ki, keçmiş əməkdaş Cinfen Luo 2024-cü ilin iyulunda işdən çıxarılmadan əvvəl şirkətin məxfi məlumatlarını qanunsuz şəkildə kopyalamaqda ittiham olunur. "Intel" həmin vaxtdan bəri keçmiş işçisini tapmağa və oğurlanan faylları geri qaytarmağa çalışır.
Məlumata görə, Luo işdən ayrılmadan bir həftə əvvəl faylları kopyalamağa cəhd edib, lakin ilk cəhd şirkətin təhlükəsizlik sistemləri tərəfindən dayandırılıb. Buna baxmayaraq, o, üç gün sonra, işdən çıxarılmadan az əvvəl məlumatları şəbəkəyə qoşulan yaddaş cihazına köçürməyi bacarıb. Təxminən 18 min ədəd "Çox gizli” sənədin də bu köçürülən fayllar arasında olduğu bildirilib.
"Intel" bu qanunsuz ötürməni qısa müddət sonra aşkar edib və aylarla keçmiş əməkdaşa çatmağa çalışıb. Şirkət elektron məktublar və rəsmi yazılı müraciətlərlə məlumatların geri qaytarılmasını tələb etsə də, bu cəhdlər nəticəsiz qalıb.
"Intel" 250 min dollar təzminat tələb edir
Hadisədən sonra şirkət məhkəməyə müraciət edərək oğurlanmış bütün faylların geri qaytarılmasını və 250 min ABŞ dolları məbləğində təzminat ödənilməsini tələb edib. "Intel" daha əvvəl də oxşar hadisə ilə qarşılaşmışdı — keçmiş bir əməkdaşın "Microsoft"a keçməzdən əvvəl məlumatları qanunsuz şəkildə kopyaladığına görə günahkar bilinmişdi.
Xəbərin yayımlandığı vaxta qədər Cinfen Luonun hələ də tapılmadığı və iddialara cavab vermədiyi bildirilir. "Intel" isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Bu qalmaqal şirkətin maliyyə göstəricilərinin yenidən yüksəlişə keçdiyi bir dövrdə baş verib. Son rübdə "Intel" illik əsasda 3 faiz gəlir artımı qeydə alıb və səhmlərin dəyəri üç ay ərzində 78 faiz yüksəlib. Bununla belə, hazırda 38,85 dollar səviyyəsində olan səhmlər hələ də 2021-ci ildəki 70 dollarlıq zirvələrdən çox aşağıdır.
Fikri mülkiyyət oğurluğu kimi hadisələr, bərpa mərhələsində olan "Intel"in imicinə və etibarlılığına mənfi təsir göstərə biləcək kritik hadisələr kimi qiymətləndirilir.
Aydın
Şərhlər