Xəbər lenti

Suqovuşanın erməni işğalından azad edilməsindən üç il ötür
Ölkə 08:22 03.10.2023

Suqovuşanın erməni işğalından azad edilməsindən üç il ötür

Bu gün Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür.

Qaynarinfoxatırladır ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.

Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövründə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi və Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyev 2021-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Elə həmin gün Prezidentin iştirakı ilə Tərtərdə "Suqovuşan-1” və "Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Artıq ötən ilin yanvar ayından etibarən Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin içməli su təchizatı bərpa edilib.

2022-ci il martın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırıblar. Daha sonra dövlət başçısı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Elə həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.

Daha sonra Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışı olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalıb.

Suqovuşana daha bir səfər bu il martın 18-də baş tutub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub.

Mərasimdə bildirilib ki, ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.

Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də, həmçinin, Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçiriblər. Qeyd edək ki, Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib.

Xatırladaq ki, dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı tikilib.

Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Bunlardan biri də inzibati binadır. Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilib, dam örtüyü sökülərək yenidən qurulub. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğın siqnalizasiya, rabitə və videomüşahidə sistemləri ilə təchiz edilib. Dövlətimizin başçısı və birinci xanım inzibati binada yaradılan şəraitlə də tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə də tanış olublar. Uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunub. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub. Bir sözlə, burada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

Talış kəndindəki 78 şagird yerlik məktəb binası ilə tanışlıq zamanı məlumat verildi ki, ikimərtəbəli binanın da bərpası və yenidən qurulması həyata keçirilib. Dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində sinif, tibb və müəllimlər otaqları, mansardda isə akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva həmin gün Talış kəndində Novruz tonqalını alovlandırıblar.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlanıblar. Dövlətimizin başçısı və birinci xanım Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Məlumat verilib ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Evlərin daxili hissələri və fasadı əsaslı təmir edilib, dam örtükləri tamamilə sökülərək yenilənib. Daxili və xarici divarlarda konstruktiv möhkəmləndirmə işləri yerinə yetirilib. Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri görülüb, fərdi əkin sahələri yaradılıb və təsərrüfat anbarları inşa edilib. Bütün evlərin mövcud hasarları sökülüb, əvəzində yeni hasarlar tikilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub.

Qeyd edilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. İlk mərhələdə Talış kəndində məskunlaşdırılan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə də tanış olublar. Eyni zamanda, onlar kənd sakinləri ilə görüşüb söhbət ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->