Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-da azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaqda ittiham olunarkən ölü tapılan Ceffri Epşteynlə əlaqələri olduğu iddia edilən İngiltərənin sabiq Vaşinqton səfiri Peter Mandelsonu bu vəzifəyə təyin etdiyinə görə üzr istəyib.
Qaynarinfo xəbər verir ki, Epşteynlə əlaqələri səbəbindən Mandelsonun səfir təyin olunması prosesi və hökumətin bu məsələdəki mövqeyi tənqid hədəfinə çevrildikcə, Baş nazir Starmer üzərində siyasi təzyiq artıb. Starmer qatıldığı tədbirdə mövzu ilə bağlı açıqlama verib.
Baş nazir çıxışında bildirib ki, Epşteynin qurbanları çoxumuzun təsəvvür belə edə bilməyəcəyi dərəcədə ağır travmalar yaşayıb və bu travmaları dəfələrlə yenidən yaşamaq məcburiyyətində qalıblar. Cavabdehlik gecikdirilib, bəzən isə tamamilə inkar edilib. Açıq demək istəyirəm ki, onlara görə üzr istəyirəm. Mandelsonun yalanlarına inanaraq onu təyin etdiyi üçün üzr istəyib.
Starmer bildirib ki, baş verənlər görməzdən gəlinməyəcək və güclü şəxslərin ədaləti istəyə bağlı anlayış kimi qəbul etməsinə imkan verilməyəcək. Onun sözlərinə görə, hökumət həqiqətin üzə çıxarılması üçün çalışacaq.
Baş nazir ictimai həyatın bütövlüyünün qorunacağını vurğulayaraq, "Hesabatlılığın təmin olunması üçün əlimizdən gələni edəcəyik. Xalqın gözləntisi budur. Qurbanların haqqı budur və mən də bunu edəcəyəm”, – deyə qeyd edib.
Starmer: Mandelson Epsteinlə bağlı dəfələrlə yalan danışıb
Starmer daha əvvəl Britaniya Parlamentində keçirilən həftəlik "Baş nazirə suallar” iclasında Mandelsonun ABŞ-da səfir olduğu dövrdə Epşteynlə münasibətləri barədə dəfələrlə yalan danışdığını bildirmişdi. Baş nazir Mandelsonun təyinatına görə peşman olduğunu ifadə edərək, "Əgər o zaman bu gün bildiklərimi bilsəydim, hökumətə yaxın belə buraxmazdım”, – demişdi.
Starmer üzərində təzyiq artır
Hakim İşçi Partiyasından olan bir sıra deputatlar Mandelsonun təyinatına dair sənədlərin yayımlanması qərarından sonra hökumətin mövqeyinə etiraz ediblər. Bəzi deputatlar bu sənədlərin Starmerin liderliyini də sual altına ala biləcəyini iddia edir.
Qiymətləndirmələrə görə, Epşteyn dosyaları təkcə Peter Mandelsonu deyil, eyni zamanda Starmerin rəhbərlik etdiyi hökumətin qərar qəbuletmə mexanizmlərini də gündəmə gətirib və partiya daxilində təzyiqin artacağı gözlənilir.
Epşteyn sənədləri böhranın mərkəzində
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn sənədlərində sabiq nazir, keçmiş səfir və Lord Peter Mandelsonun Epşteynlə yaxın münasibətlərinə işarə edən yazışmaların yer alması Britaniya siyasətində geniş rezonans doğurub. Sənədlərdə Mandelsonun Epşteyndən pul aldığı iddiaları və yazışmalardakı ifadələr ictimai narazılıq yaradıb.
Hökumət Mandelsonun təyinatı ilə bağlı sənədlərin bir hissəsinin Britaniya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinə təqdim ediləcəyini, milli təhlükəsizlik və diplomatik münasibətlərə zərər verə biləcək materialların isə açıqlanmayacağını bildirib.
Epstein-dən 75 min dollar aldığı üzə çıxmışdı
ABŞ-də 9 sentyabr 2025-ci ildə ortaya çıxan yazışmalarda Mandelsonun Epşteynə "ən yaxşı dostum” deyə müraciət etdiyi məlum olub. Daha sonra açıqlanan sənədlərdə Mandelsonun Epşteyndən 75 min dollar aldığı, eləcə də azyaşlı qızlarla uyğun olmayan fotolarının mövcud olduğu iddia edilib.
Mandelson isə pul köçürməsini xatırlamadığını bildirib. O, ötən həftə İşçi Partiyası üzvlüyündən, dünən isə Lordlar Palatasındakı üzvlüyündən istefa verib.
Aydın
Şərhlər