Orta Afrikada başlayan Ebola epidemiyasından on il keçib, lakin yeni yoluxucu xəstəliklər səssiz şəkildə yayılmaqda davam edir. Mütəxəssislər koronavirus pandemiyasından sonra dünyanın epidemiyaya qarşı daha həssas duruma gəldiyini bildirir. Antibiotikə davamlı bakteriyalardan tropik viruslara qədər bir çox yeni təhdid qapımızdadır. Bəs hansı xəstəliklər daha təhlükəlidir?
Qaynarinfo xəbər verir ki, Orta Afrikanın ucqar kəndlərindən yayılaraq ölümcül nəticələrə səbəb olan 2014-cü il Ebola epidemiyasından artıq on ildən çox zaman keçib. 1976-cı ildə kəşf edilən Ebola virusu tarixinin ən böyük epidemiyalarından birinə yol açmışdı. Lakin mütəxəssislər həmin dövrdə əldə edilən təcrübəyə baxmayaraq, bu gün də yeni yoluxucu xəstəliklərə qarşı qlobal hazırlığın kifayət qədər olmadığını vurğulayır.
ABŞ-da keçirilən illik IDWeek konfransında çıxış edən yoluxucu xəstəliklər üzrə daxili xəstəliklər mütəxəssisi Dr. Krutika Kuppalli hazırkı dövrdə ortaya çıxan yeni yoluxucu xəstəlik epidemiyalara qarşı əvvəlkindən daha az hazırlıqlı ola biləcəyimizi qeyd edib.
"Qlobal səhiyyə sistemi, peyvənd və diaqnostika sahəsində on illərlə davam edən yeniliklərə baxmayaraq, hələ də yeni epidemiyalara qarşı zəif vəziyyətdədir" deyə Dr. Kuppalli bildirib.
Yeni epidemiyalar və təhdidlər
Ümumdünya Səhiyyə Təşkilatı yeni yaranan yoluxucu xəstəlikləri ilk dəfə görünən və ya yenidən ortaya çıxan, sürətlə artan yoluxma və ya coğrafi yayılma səbəbilə təhlükə yaradan infeksiyalar kimi təsnif edir. Hazırda mütəxəssislər antibiotikə davamlı E. coli, dang humması və Candida auris kimi yeni təhlükələri qeydə alır.
Dr. Kuppalli konfransda qeyd edib ki, diaqnostika texnologiyalarının inkişafına baxmayaraq, iqlim dəyişikliyi, insan-hayvan təması, qlobal səyahətlərin artması və antibiotik direnci xəstəliklərin daha asan yayılmasına şərait yaradır.
COVİD-19 pandemiyasından sonra isə salgınların qarşısını alma fondunda azalma müşahidə olunur. "Epidemiya bitdikdə, maliyyə dəstəyinin böyük hissəsi yox olur. Lakin preventiv tədbirlər üçün davamlı fond zəruridir", deyə Kuppalli uzunmüddətli sərmayələrin vacibliyini vurğulayıb.
Önə çıxan yeni yoluxucu xəstəliklər
"Business Insider" Dr. Kuppalli və digər mütəxəssislərin fikirlərinə əsaslanaraq ictimaiyyətin bilməli olduğu yeni infeksiyaları və onların qarşısının alınması ilə bağlı mühüm məlumatları təqdim edib.
1. Antibiotiklərə davamlı E. coli (CREC)
Antibiotiklərə davamlı E. coli sağlam insan bağırsağında ola bilən, lakin infeksiyaya yol açan bakteriya növüdür. Dr. Yohei Doi bakteriyanın əl təması, yoluxmuş yaralar və çirkli nəcis vasitəsilə yayıldığını bildirir. Nadir hallarda heyvanlardan insanlara ötürülmə də müşahidə olunub.
Sağlamlıq müəssisələrində müalicə alanlar, 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı böyüklər və səyahət edənlər yüksək risk altındadır. Bakteriya karbapenem antibiotiklərini təsirsiz edən NDM adlı ferment istehsal etdiyi üçün müalicə çətinləşir.
2. Vərəm xarici mikobakteriyalar (NTM)
Torpaq və suda geniş yayılmış mikroblar olan NTM bəzi hallarda ağciyər infeksiyasına səbəb ola bilər. Dr. İdouu Olavoye bu mikrobların astma, KOAH, kistik fibroz və ya zəif immun sistemli şəxslərdə ciddi xəstəlik riski yaratdığını bildirir. NTM diaqnostikası çətindir; bəzi növlərin laboratoriyada koloniya yaratması üçün 10–20 gün tələb olunur. Antibiotik direnci müalicəni həm mürəkkəbləşdirir, həm də uzadır.
3. Mikoplazma genitalium (Mgen)
1980-ci illərdə aşkarlanan Mgen cinsi əlaqə yolu ilə keçən infeksiyalara səbəb olur. Xüsusilə qorunmasız vaginal və anal əlaqə ilə yayılır. Müalicə olunmadıqda qadınlarda çanaq içi iltihabı, sonsuzluq və xarici hamiləlik riskini artırır. Kişilərdə uzunmüddətli təsirləri hələ araşdırılır. CDC Mgen-in getdikcə daha çox antibiotikə davamlılaşdığını bildirir.
4. Dang humması
Dörd növü olan danq virusu yoluxmuş ağcaqanadın dişləməsi ilə ötürülür. Simptomlar adətən iki həftə sonra meydana çıxır: göz, sümük və əzələ ağrıları, ürəkbulanma, qusma və səpkilər. Yüksək riskli bölgələrdə yaşayanlar daha çox təhlükə altındadır. Hazırda dəqiq müalicə olmasa da, simptomların idarəsi əsas hədəfdir. Bəzi bölgələrdə 9–16 yaş arası uşaqlar üçün peyvənd mövcuddur.
5. Candida auris
Candida auris tibb müəssisələrində avadanlıq və səthlər vasitəsilə yayılır. Dəri və qulaq infeksiyalarına, ağır hallarda qan dövranı infeksiyalarına səbəb olur. Xüsusilə immun sistemi zəif olanlar və qocalar evi sakinləri risk altındadır. CDC bu göbələyin çoxsaylı antifungal dərmanlara davamlı olduğunu və ciddi infeksiyalarda ölüm riskinin yüksək olduğunu bildirir.
6. Aspergillus
Kifdən yaranan Aspergillus hava yolu ilə yayılır və aspergilloz xəstəliyinə səbəb olur. Öskürək, nəfəs darlığı və yorğunluq kimi əlamətlər yaradır. Sağlam insanlarda adətən ciddi fəsad törətməsə də, immun sistemi zəif olanlar və xroniki ağciyər xəstələri üçün təhlükəlidir. Dr. Yohei Doi kənd təsərrüfatında göbələk əleyhinə maddələrin geniş istifadəsinin bu göbələyin dərmanlara davamlılığını artırdığını qeyd edir.
Epidemiyalarla mübarizədə strategiyalar
Dr. Doi mövcud dərmanların düzgün istifadəsinin və xəstə-klinik əməkdaşlığının infeksiyaların daha effektiv idarəsinə imkan verəcəyini bildirir. Dr. Kuppalli ölkələr arasında məlumat mübadiləsinin, peyvənd və diaqnostika imkanlarının yüksək riskli bölgələrə çatdırılmasının vacibliyini vurğulayır.
Mütəxəssislər yoluxucu xəstəlik əlamətləri olan şəxslərin dərhal CDC və ya yerli səhiyyə qurumları ilə əlaqə saxlamasını tövsiyə edir. "Yoluxucu xəstəliklərlə mübarizə yalnız müalicə deyil, həm də qarşısının alınması və qlobal əməkdaşlıqla mümkündür”, deyə Kuppalli bildirir.
Aydın
Şərhlər