ABŞ Konqresində keçirilən iclasda Ceffri Epşteyn ilə bağlı yeni iddialar gündəmə gəlib, zərəçəkənlər isə şokedici ifadələr səsləndirib. Bir qadının açıqlamaları istismar iddialarının miqyasını ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, dinləmədə şahid qismində çıxış edən Roza təxəllüslü qadın yaşadıqlarını danışarkən dəfələrlə göz yaşlarını saxlaya bilməyib.
"Həbsxanadan belə güc nümayiş etdirirdi"
Palm Biçdə keçirilən komitə iclasında danışan Roza Epşteynin həbsdə olmasına baxmayaraq təsir gücünü qoruduğunu iddia edib: "Orada olsa da, bu mane deyildi. Həbsdə olarkən belə güc nümayiş etdirir, bizi təhdid edirdi".
Roza ifadəsi zamanı tanışlıq prosesindən başlayaraq başına gələnləri təfərrüatları ilə izah edib.
Gənc qadın çıxışı zamanı tez-tez emosiyalarına nəzarət edə bilməyib. O, Epşteyn ilə ilk tanışlıqdan sonra yaşadıqlarını detallı şəkildə təsvir edib.
Model vədlə ABŞ-a gətirildi
Roza 18 yaşında olarkən Özbəkistandan fransız menecer Jan-Lük Brunel tərəfindən model olacağı vədi ilə ABŞ-a gətirildiyini bildirib. Brunelin Epşteynlə uzun illər əlaqədə olduğu əvvəlki istintaqlarda da qeyd olunmuşdu.
Onun sözlərinə görə, ABŞ-a gəldikdən qısa müddət sonra Epşteyn ilə əlaqə yaranıb və bir il ərzində o, Palm Biçdəki malikanəyə aparılıb. Bu dövr Epşteynin ev həbsində olduğu zamana təsadüf edib.
"Bunu bir oyun kimi təqdim edirdi"
Roza Epşteynin tez-tez nüfuzundan danışdığını və güclü şəxslərin adlarını çəkdiyini iddia edib:
"Epşteyn güclü siyasətçilərin adlarını çəkərək təsirini göstərməyə çalışırdı. Model agentliyinin investor olduğunu deyirdi. Həbsini sanki bir oyun kimi danışırdı".
"Masaj otağına çağırdı"
Roza ilk istismarın Epşteyn tərəfindən baş verdiyini iddia edərək bildirib: "Bir gün məni masaj otağına çağırdı. Həmin anda Epşteyn tərəfindən ilk dəfə istismara məruz qaldım".
"Adım yüzlərlə sənəddə keçib"
Roza sonradan hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin kimliyinin Epşteyn işi ilə bağlı açıqlanan sənədlərdə ortaya çıxdığını deyib:
"Bir səhər oyandım və adım sənədlərdə 500-dən çox dəfə keçirdi. Güclü və varlı şəxslər qorunarkən mənim kimliyim ifşa olundu".
İstintaq genişlənir
Konqres dinləmələrində digər zərərçəkənlər də Epşteyn sənədlərinin idarə olunmasını tənqid edib. Onlar sənədlərdə gizlətmələrin ədalətə zərər verdiyini bildiriblər.
Kaliforniya nümayəndəsi Robert Qarsiya isə istintaqın genişlənəcəyini deyib: "Bu işi Epşteyn və Donald Trampın təsir dairələrinə qədər aparacağıq. Heç kim qanundan üstün deyil".
Nə baş vermişdi?
Epşteyn 18 yaşdan aşağı onlarla qız uşağını istismar etmək və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropolitan Mərkəzi Həbsxanasında kamerasında ölü tapılmışdı.
İttiham materiallarında Şahzadə Endryu, Donald Tramp, Bill Klinton, Ehud Barak, Al Qor, Kevin Speysi, Maykl Cekson, Devid Kopperfild, Alan Dershovitz və Bill Riçardson kimi tanınmış şəxslərin adları yer alıb.
FTB və ABŞ Ədliyyə Nazirliyinin araşdırmalarına görə, "müştəri siyahısı”nın mövcudluğuna dair sübut tapılmayıb və Epşteynin intihar etdiyi nəticəsinə gəlinib.
Aydın
Şərhlər