Xəbər lenti

Samir Abasov: Gizlədiləsi bir şey yoxdur
İdman 22:50 13.04.2025

Samir Abasov: Gizlədiləsi bir şey yoxdur

"Özümüzə təsəlli olaraq kubok qalıb".

Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə Azərbaycan Premyer Liqasının XXX turunda "Zirə"yə 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis komandasının hesabı qorumamasının səbəbini açıqlayıb: "Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsüz? Çox çətin prosesdir. Hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq. Ağadaş Salyanski təkbətək çıxıb, "Zirə"yə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin hər etdiyi hücum təhlükəli epizodlarla bitirdi. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Hər oyuna motivasiya ilə çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, dediyimiz problemlərin təsdiqidir. Birəbir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistikada da hər şey görsənir. Özümüzə təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Kubokdakı matça hazırlaşmalıyıq. O oyunda daha başqa motivasiya ilə karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Bildiyimiz şeylərdi başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu mövsüm çox çətin görünür. Çox olan şeyləri mətbuat konfransında açıb deyə bilmirik.

O, komandasının Azərbaycan Kubokunun 1/2 finalında "Sabah"la cavab oyununda geridönüş edəcəklərinə inandığını vurğulayıb: "Turan Tovuz"la oyundan sonra "Sabah" da kuboku son çıxış yolu kimi görür. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.

Abasov "Zirə"yə məğlubiyyəti faciə adlandırıb: "İnkişaf etmək istəyiriksə, özümüzü analiz etməliyik. Ən yaxşı yolu özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Bütün baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmə gəlirik, problemli komandanı götürürük. Günahkar kimi baş məşqçini görəcəklərini də bilirdik. Bu oyun həqiqətən faciədir. Nəticə çıxarmalıyıq".

Samir Abasov Rəşad Sadıqovun onun yaxşı komanda hazırlamasına reaksiya verib: "Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir ki, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda Rəşad kimi öz "stoyka"sını saxlayan insanlar var. Arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin".

Baş məşqçi "Neftçi"də işləməyin "Sumqayıt"dan daha çətin olduğunu bildirib: "Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan, hər oyundan sonra kritik hadisələr baş verir. "Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci ildən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, göz qabağına alaraq gəlmişik. "Sumqayıt"a da yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra UEFA Konfrans Liqasına da vəsiqə qazandıq. Bu il də belə olacaq. "Neftçi”də çətin olsada, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, iddialıdan uzaq komandayıq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->