Bu gün "Aqrarkredit" QSC-nin Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib, İdarə Heyətinin yeni tərkibi təsdiq edilib
Qaynarinfo xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub.
Qeyd olunub ki, "Aqrarkredit”in Nizamnaməsinə əsasən İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.
S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib.
Nazir ötən müddət ərzində "Aqrarkredit” QSC-nin dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.
Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.
Şərhlər