Belə bir mənzərəni yəqin ki, çoxunuz görmüsünüz şəhərdə. Bir də baxırsan qabağı dik bir "nolyeddi”, yaxud cındıres bir maşın keçdi yanından. Maşının açıq pəncərələrindən "polnuxod” qoyulmuş musiqi yayılır çölə. Çölə də yox ee, adamların həyatına, ömrünə, əsəbinə! Sükan arxasında da debil bir cavan!
Musiqinin sözləri də təxminən belə olur: "Sən niyə sevmədin məni, mən uje lezva axtarıram!” Yaxud belə: "Yaxçı oğlan düz danışar, saz deyər!” – nə bilim nə...
Bayağı-çaqqıdı-çuqqudu musiqisi ilə yanımızdan ötüb ömrümüzü parçalayır.
A bala, bahalı maşının yoxdu deyə mənasız həyatının heyfini gərək elə başqalarından alasan? Sənin içində qaynaşan o qurdlara görə biz niyə cəza çəkməliyik ki?
Sən hansı haqla səhər mürgüsündə olanları oyatmalısan? Hansı haqla günorta harasa tələsən adamların əsəbini yeməlisən? Sən nə haqla axşam evində oturub dincəlmək istəyənlərin pəncərəsindən girərək vampir kimi onların qanını sormalısan?
Qəmli, narazı, indeyski musiqini "polnuxod” qoyub küçələri sülənir. Guya umduğu qız bunu sevmir, onçun kədərlidi. Elə uzaqdan da görünür ki, sən dayaz və mənəviyatsızsan. Üstəlik, ictimai şüurun meymununku qədər də dombalmayıb, səninlə yanaşı addımlamağa hansı qız razı olar, axı?
Səkidə oturub öz quyruğunun altını yalayan pişik qədər dəyəri yoxdu belələrinin mənimçün. Yazdıqca əsəbləşirəm.
Bu cür qanacaqsızlar üçün cərimə tətbiq olunmalıdı, mütləq!
Yadıma nə düşdü, bilirsinizmi? 1994-cü ildə mən İrkutskda olanda belə bir hadisə olmuşdu. Demək, bir cavan oğlan öz maşınında musiqini bizim bu düşüklər kimi "polnuxod” eləyib gedirmiş. Səhər-səhər hamı poxmel, camaatın əsəbləri gərgin...
Sükan arxasında oturanın təxminən yaşıdı olan biri maşını saxladıb deyir, o zibilini söndür, beynimiz getdi. Bu da söndürmür, özünü "krutoy” aparır, deyir, mənə belə xoşdu, sənin xoşun gəlmirsə qulaqlarını tuta bilərsən.
Beləcə mübahisə uzanır, bu deyir, o deyir-o deyir bu deyir. Axırda nə olur, bilirsinizmi? O etiraz eləyən oğlan kəmərin altından tapançanı çıxarıb sükan arxasında oturanın gicgahına bir güllə sıxır! Və çıxıb gedir.
Sonrası necə olmuşdu, bilirsinizmi? Həmin o öldürəni, özünümüdafiə adı altında yüngülcə şərti iş verib buraxmışdılar. Yəni, məhkəmə hadisəni başa düşüb işi başqa cür düzüb qoşmuşdu. Guya mübahisə zamanı musiqi oxudan oğlan qarşı tərəfə tapança çəkib, bu da idman fəndi ilə silahı onun əlindən almaq istəyəndə lülənin ağzı günahkarın özünə tərəf düşüb və güllə açılıb.
Sonralar bizim uşaqlar bir məclisdə həmin oğlanla məni tanış elədilər, onunla badə döyüşdürdüm. Zarafata salıb dedim ki, yaxşı qurtarmısan, süprüşmə zamanı lülənin ağzı təsadüfən sənə tərəf də dayana bilərdi. O da zarafatımı anlayıb xeyli güldü.
Odu-budu, İrkutskda "polnuxod” musiqi oxudan olmadı…
Əlbəttə, İrkutskda olan həmin əhvalatın təkrarını heç vaxt özümüzdə arzulamazdım, heç vaxt! Ona görə bənzər hadisələrin bizdə də baş verməməsi üçün, təkrar deyirəm, bu cür qanacaqsızlara yüksək cərimə tətbiq olunmalıdı, mütləq!
Murad Köhnəqala
Şərhlər