Xəbər lenti

İdman 11:04 02.04.2026

"Qalatasaray" Mauro İkardi ilə bağlı qərarını açıqladı

Super Liqada səfərdə "Trabzonspor"la qarşılaşmaya hazırlaşan "Qalatasaray"da gündəmin əsas mövzularından biri də argentinalı hücumçu Mauro İkardidir. 

Qaynarinfo xəbər verir ki, milli fasilədə vətəninə yollanan və klubun düşərgəsinə gec qayıdan ulduz oyunçu media və azarkeşlər tərəfindən tənqid olunur. Hətta onun komandandan gedəcəyi də deyilir.

Amma klubun vitse-prezidenti Abdullah Kavukcu İkardi ilə bağlı fərqli açıqlama verib: "Mauro İkardi əsl "Qalatasaray"lıdır, bunu heç kim nəzərdən qaçırmasın. Biz onunla hər gün danışırıq, əhval-ruhiyyəsi çox yaxşıdır. Şans veriləcəyi halda "Trabzonspor"la oyunda çıxış etməyə və komandaya hər cür töhfə verməyə hazır olduğunu bildirib. İkardinin "Qalatasaray"a olan sevgisini heç kim sorğulamasın, biz hamımız onu çox sevirik".

"Bizdə sədaqət anlayışı var, bizi başqaları ilə qarışdırmasınlar. Mövsümün sonunda çempion olduqdan sonra prezidentimiz Dursun Özbek və mən İkardi ilə oturub hər şeyi müzakirə edəcəyik. Mauro İkardi qalmaq istədiyi müddətcə "Qalatasaray"da qalacaq", deyə klub rəsmisi əlavə edib.

Bu mövsüm 39 rəsmi oyunda forma geyinən İkardi 15 qarşılaşmaya start heyətində başlayıb. 33 yaşlı futbolçu bu oyunlarda 15 qol vurub. Liqada keçirdiyi 24 matçda 13 dəfə fərqlənən hücumçu "Qalatasaray"ın ən məhsuldar oyunçusudur.

Aydın
--> -->