Rusiya ordusu sentyabr ayı ərzində ballistik və qanadlı raketləri toplayaraq, müəyyən günlərdə pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə bir neçə genişmiqyaslı hücum həyata keçirməyə hazırlaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıb.
Analitiklərin qeyd etdiyinə görə, Rusiya bir neçə gün ərzində Ukraynaya qarşı gecə raket hücumlarından imtina edərək, ehtiyatlarını toplayır.
"Hesabatda deyilir ki, Rusiya qoşunları demək olar ki, hər gün ballistik və qanadlı raketlər yığır, daha sonra isə böyük sayda dronlarla birlikdə çoxsaylı raketlər buraxaraq Ukraynanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağa çalışır”.
Xüsusilə vurğulanır ki, sentyabr ayında ruslar 10-dan çox raketdən istifadə etməklə cəmi dörd gecə hücumu həyata keçiriblər və avqustun sonundan etibarən təxminən hər iki həftədən bir 40-dan çox raketlə bir gecəlik hücum təşkil ediblər.
"Bu, Rusiyanın daha ardıcıl, lakin kiçikmiqyaslı dron hücumları arasında vaxtaşırı bir neçə böyük birləşmiş zərbələr endirmək tendensiyasını göstərir”, – deyə ISW-nin hesabatında bildirilir.
Bununla yanaşı, ISW qeyd edir ki, Rusiya qüvvələri kombinə edilmiş hücumlarda daha çox qanadlı, daha az isə ballistik raketlərdən istifadə edir və yəqin ki, ballistik raketləri konkret hədəflərə dəqiq zərbələr endirmək üçün saxlayır. Eyni zamanda dronlar və qanadlı raketlər Ukraynanın hava hücumundan müdafiə sistemlərini zəiflətmək üçün tətbiq olunur.
"Rusiya məqsədli şəkildə Ukraynanın "Patriot” hava hücumundan müdafiə sistemlərinin fəal qoruması altında olmayan şəhərlərə və enerji infrastrukturu obyektlərinə zərbələr endirə bilər ki, bu da müəyyən olunmuş hədəflərin uğurla vurulması ehtimalını artırır”, – deyə analitiklər izah edirlər.
Xatırladaq ki, oktyabrın 3-də Rusiya hücumlarından sonra Donetsk vilayətinin Drujkivka və Konstantinovka şəhərlərinin tamamı, eləcə də Kramatorskun bəzi rayonları işıqsız qalıb. Bundan əlavə, Rusiya Ukraynanın qaz infrastrukturuna da kütləvi zərbələr endirib, nəticədə Xarkov və Poltava vilayətlərində qaz hasilatı obyektləri zədələnib.
Oktyabrın 4-nə keçən gecə ruslar Çerniqov vilayətində mühüm enerji təchizatı obyektlərinə zərbələr endiriblər, nəticədə təxminən 50 min nəfər işıqsız qalıb.
Alpər
Şərhlər