Dünyada dəniz yolu ilə daşınan neftin həcmi son iki ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu, yaxın aylarda təklifin artacağına və bazarda artıq neftin yaranacağına dair son göstəricilərdən biridir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Analitik şirkət "Vortexa"nın məlumatına görə, hazırda dünya okeanlarında təxminən 1,25 milyard barel neft daşıyan tankerlər üzür. Bu göstərici 2023-cü ilin aprelindən bəri qeydə alınan ən yüksək həddir. Digər analitik şirkətlər – "Kpler" və "OilX" – də oxşar nəticələr təqdim edir: onlara görə, neft daşımalarının həcmi müvafiq olaraq 2023-cü ilin iyun və may aylarından bəri maksimum səviyyəyə çatıb.
Bu artım həm Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlərdən, həm də digər ölkələrdən gələn tədarüklərin çoxalması ilə izah olunur. Mütəxəssislər hesab edirlər ki, daşımaların həcmi 2025-ci ilin dördüncü rübündə və 2026-cı ilin birinci rübündə də artmaqda davam edəcək.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, bu proses gələn il rekord səviyyədə artıq təklifin yaranmasına gətirib çıxara bilər.
Sentyabr ayında dəniz yolu ilə neft daşımalarının həcmi sürətlə artıb. Bunun əsas səbəbi dünyanın üç ən iri ixracatçısı – ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya – tərəfindən bazara çıxarılan neftin artmasıdır. Digər ölkələrin də ixracı artırması nəticəsində ümumi tədarük gündəlik 2 milyon bareldən çox yüksəlib.
"Kpler" analitiki Mett Smit bildirib: "Hazırda qlobal neft ixracı son beş ilin ən yüksək səviyyəsindədir. Böyük ehtimalla bu, yaxın aylarda ehtiyatların artmasına gətirib çıxaracaq".
Xatırladaq ki, "Reuters"in əvvəlki məlumatına görə, 3 oktyabr səhəri neft qiymətləri qısa müddətlik artsa da, həftəlik göstəricilərdə son 3,5 ayın ən böyük azalma tendensiyası qeydə alınıb. OPEC+ ölkələrinin hasilatı artıracağı və ehtiyat səviyyələrinin yüksələcəyi gözləntiləri qiymətlərin düşməsinə təsir edib. Hazırda "Brent" markalı neftin qiyməti həftə ərzində 8%, "WTI" markalı neftin qiyməti isə 7,4% geriləyib.
Aydın
Şərhlər