Xəbər lenti

Paşinyanın 9 May paradında iştirakı Qərb və Rusiya ilə münasibətlərinə necə təsir edəcək?
Dünya 14:31 13.05.2025

Paşinyanın 9 May paradında iştirakı Qərb və Rusiya ilə münasibətlərinə necə təsir edəcək?

"Paşinyanın bu jesti Qərblə münasibətlərində ciddi problem yaratmayacaq. Kremlin də ona mövcud olan münasibəti dəyişməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın Moskvadakı 9 May qələbə paradında iştirakının Qərb və Rusiya ilə mövcud münasibətlərinə təsirini şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, Paşinyan hökumətinin birmənalı olaraq Qərbə inteqrasiya yolunu tutmasına Rusiya tərəfi də şübhə etmir:

"Ona görə də daxildəki agentura şəbəkəsindən istifadə etməklə Rusiya artıq bir neçə ildir, Ermənistanda hakimiyyət çevrilişi etməyə hazırlaşır. Sadəcə olaraq, hələlik buna müvəffəq ola bilməyib. İrəvanla Rusiya arasında münasibətlərin kifayət qədər gərgin olduğunu nəzərə alsaq, Paşinyanın 9 May paradında iştirak etmək üçün səssiz şəkildə Moskvaya gedişi, düşünümürəm ki, onun Qərblə yaxınlaşmasında ciddi problemlər yaradacaq. Ermənistanın bugünkü durumu elədir ki, Paşinyan istəsə də, istəməsə də, bir sıra hallarda Rusiyanın diktə etdiyi bəzi oyun qaydalarına uyğun hərəkət etməyə məcburdur. Bu da Rusiyanı yumşaltmaq məqsədi daşıya bilər. Rusiyaya gəldikdə, orada da anlayırlar ki, Paşinyan Qərbə doğru götürdüyü istiqamətdən öz xoşuna əl çəkməyəcək. Buna görə də Paşinyanın paradda iştirak edib-etməməsindən asılı olmayaraq öz növbəsində Kremlin də ona münasibəti dəyişməyəcək".
 


Qeyd edək ki, Qərbpərəst siyasət yürütdüyü bəlli olan Ermənistan baş naziri Nikol Paşinyan bir çoxlarının gözləmədiyi halda, mayın 9-da Moskvada təşkil olunan qələbə paradında iştirak edib. 

Aydındır ki, Paşinyanın həmin tədbirdə iştirakı elə-belə deyil. Onun bu jesti əslində müəyyən mesajların verilməsi anlamına gəlir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->