Xəbər lenti

Mövcud müalicə imkanları tükənir: Sadə bir infeksiya ölümə səbəb olacaq?
Sağlamlıq 13:25 16.10.2025

Mövcud müalicə imkanları tükənir: Sadə bir infeksiya ölümə səbəb olacaq?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, qlobal sağlamlıq sistemi kritik bir mərhələyə çatıb. 2018-ci ildən bəri geniş yayılmış infeksiyalarda istifadə olunan antibiotiklərin 40 faizdən çoxu artıq təsirini itirib.

Qaynarinfo-nun məlumatına görə, mütəxəssislər bildirirlər ki, xəstəxanalarda antibiotik müalicəsinə cavab verməyən infeksiyalar səbəbindən ölüm halları sürətlə artır, mövcud müalicə imkanları isə tükənmək üzrədir. 

ÜST-ün 2023-cü il məlumatlarına əsaslanan hesabatı vəziyyətin nə dərəcədə ciddi olduğunu açıq şəkildə göstərir. Hesabata görə, ötən il qeydə alınan bakterial infeksiyaların hər altısından biri antibiotiklərə qarşı davamlı olub.

Daha narahatedici məqam isə 2018–2023-cü illər arasında sidik yolları, qan, bağırsaq və cinsi yolla keçən ümumi infeksiyaların müalicəsində istifadə edilən antibiotiklərin 40 faizdən çoxunun artıq səmərəsiz hala gəlməsidir.

ÜST-ün Antimikrob Müqavimət Bölməsinin direktoru doktor İvan Yvan Hyutin bu nəticələrin "son dərəcə narahatedici” olduğunu vurğulayıb. O, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə diaqnostika imkanlarının məhdudluğu və təsirli dərmanlara çıxışın çətin olması səbəbilə vəziyyətin həyat üçün daha ciddi risk yaratdığını bildirib.

Antimikrob müqavimət nədir?

Antimikrob müqavimət (AMR) — xəstəlik törədən bakteriyaların, virusların, göbələklərin və parazitlərin onları öldürmək və ya təsirsizləşdirmək üçün istifadə olunan dərmanlara qarşı dözümlülük qazanmasıdır. Bu hal, əvvəllər asanlıqla müalicə edilən sadə bir infeksiyanın belə ölümcül nəticələrə gətirib çıxarmasına səbəb olur.

Məlumatlar təhlükənin miqyasını açıq göstərir: 2021-ci ildə dünya üzrə 7,7 milyon insan bakterial infeksiyalar səbəbindən həyatını itirib. Bu ölümlərin yarısından çoxunda dərmanlara qarşı müqavimət rol oynayıb, təxminən 1 milyon ölüm isə birbaşa davamlı infeksiyalardan qaynaqlanıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər təsirli tədbirlər görülməsə, 2050-ci ilə qədər hər il 10 milyon insan antibiotiklərə davamlı infeksiyalar nəticəsində həyatını itirə bilər.

Həll yolu yalnız yeni dərman deyil

Alimlər hesab edirlər ki, problemi sadəcə yeni antibiotiklər istehsal etməklə aradan qaldırmaq mümkün deyil. Əsas həll yolu infeksiyaların qarşısının alınmasındadır — yəni gigiyena tədbirlərinin gücləndirilməsi, peyvəndlənmə səviyyəsinin artırılması və antibiotiklərin məsuliyyətli istifadəsidir.

Mütəxəssislərin fikrincə, əgər önləyici addımlar atılmazsa, bəşəriyyət geri dönülməsi çətin olan bir "müqavimət həddi”nə çatacaq və antibiotiklərin icadından əvvəlki dövrə bənzər vəziyyətə düşə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->