Rusiya Müdafiə Nazirliyi mayın 2-nə keçən gecə hava hücumundan müdafiə sistemlərinin işğal olunmuş Krım və Rusiya Federasiyasının bir neçə bölgəsi üzərində ümumilikdə guya 121 "Ukrayna pilotsuz uçuş aparatını” məhv etdiyini iddia edib. Telegram kanalları Krımın bir sıra yaşayış məntəqələrində partlayış səsləri barədə məlumat verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi, "Krımskiy veter" Telegram kanalı, Sankt-Peterburq tərəfindən təyin olunan qondarma Sevastopol "qubernatoru” Mixail Razvojayevin Telegram paylaşımında bildirilir.
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım üzərində guya 89 PUA, Qara dəniz akvatoriyasında isə daha 23 PUA vurulub. Bundan əlavə, Krasnodar vilayəti üzərində 4, Orlov vilayətində 2, Bryansk və Belqorod vilayətləri, həmçinin Azov dənizi üzərində hərəsində bir PUA məhv edildiyi bildirilib.
"Krımskiy veter" Telegram kanalı Sevastopol, Cankoy, eləcə də Saki, Novofedorovka və Kaça şəhərlərində – yəni hərbi aerodromların yerləşdiyi ərazilərdə partlayış səslərinin eşidildiyini bildirib. Kanalda Kaça aerodromu yaxınlığında yerləşən Uqlovoye kəndində yanğın görüntüləri və partlayış səsləri əks olunan videolar paylaşılıb. Kanal qeyd edib ki, "rus hava hücumundan müdafiə sistemlərinin işindən sonra nəsə yanır”.
Partlayışlar barədə məlumatı Sevastopolun qondarma "qubernatoru” Mixail Razvojayev də təsdiqləyib.
"Şəhərdə eşidilən gurultulu səslər – bu bizim hərbçilərin pilotsuz aparatların hücumunun qarşısını almağa çalışmasıdır. İlkin məlumatlara görə, artıq dəniz üzərində sahildən xeyli uzaqda 7 PUA havada məhv edilib”, – deyə o, gecə saat 2-dən sonra bildirib.
Təxminən gecə saat 3-də isə Razvojayev yazıb ki, Rusiya donanması hava hücumundan müdafiə qüvvələri ilə birlikdə "Hersones burnu ərazisi, Sevastopol körfəzi, Kaça və Balaklava rayonlarında dəniz üzərindən Sevastopola qarşı yönəlmiş genişmiqyaslı və kombinə olunmuş hücumu dəf edir”.
O əlavə edib ki, "hazırkı vaxta qədər nə şəhərdə, nə də Sevastopolun dəniz ərazisində heç bir obyekt zərər görməyib”.
Təxminən gecə saat 4-də Rusiya avtomobil yolları üzrə operativ informasiya mərkəzinin Telegram kanalı Krım körpüsü üzərindən nəqliyyatın hərəkətinin müvəqqəti olaraq dayandırıldığını bildirib. Hərəkət yalnız 2,5 saat sonra bərpa olunub.
Alpər
Şərhlər