Xəbər lenti

Hər 6 ildən bir 6 bal gücündə zəlzələnin baş verdiyi yer
Dünya 21:12 25.05.2026

Hər 6 ildən bir 6 bal gücündə zəlzələnin baş verdiyi yer

Sakit okeanın dərinliklərində yerləşən "Gofar qırılma xətti” təxminən 30 ildir alimlərin diqqət mərkəzindədir. Bu bölgədə təxminən hər 5–6 ildən bir oxşar gücdə zəlzələlər qeydə alınır və ən maraqlısı odur ki, sarsıntılar demək olar eyni nöqtədə və eyni enerji səviyyəsində təkrarlanır.

Qaynarinfo xəbər verir ki, adətən aktiv qırılma xətlərində belə sabit dövrlülük müşahidə olunmadığı üçün tədqiqatçılar bu fenomenin səbəbini uzun müddətdir araşdırırlar. Ekvador sahillərindən minlərlə kilometr uzaqda yerləşən Qofar qırılma xətti Sakit okean və Nazka tektonik plitələrinin kəsişməsində yerləşir. Bu plitələr bir-birinin yanından sürüşərək hərəkət edir və ildə təxminən 14 santimetr sürüşmə baş verir. Bu isə görünməsə də, böyük miqdarda enerji yığılması deməkdir.

Alimlər bu enerjinin niyə mütəmadi şəkildə boşaldığını öyrənmək üçün okean dibinə yerləşdirilən sensorlar vasitəsilə bölgəni uzun müddət izləyiblər. Nəticədə müəyyən edilib ki, böyük zəlzələlərin güclənməsini məhdudlaşdıran təbii "geoloji baryerlər” mövcuddur. Bu sahələr sanki təbii əyləc sistemi kimi işləyir.

İndiana Universitetindən seysmoloq Jianhua Qonqun sözlərinə görə, bu baryerlərin mövcudluğu əvvəldən məlum olsa da, onların işləmə mexanizmi indi daha aydın şəkildə başa düşülür. Müşahidələr göstərir ki, böyük zəlzələlərdən əvvəl həmin zonalarda minlərlə kiçik təkan – mikrozəlzələlər artır, daha sonra isə böyük sarsıntıdan sonra tam sakitlik yaranır.

Araşdırmalar göstərib ki, bu sahələrin strukturu hamar və vahid deyil, əksinə çoxsaylı çatlardan ibarət mürəkkəb bir sistemdir.

Ən maraqlı nəticələrdən biri dəniz suyunun təsiri ilə bağlıdır. Okean suyu dərin çatlara sızaraq sürtünməni dəyişir. Böyük zəlzələ dalğası bu rütubətli və parçalanmış struktura çatdıqda, süxurlar bir-birinə daha güclü "kilidlənir”. Bu isə hidravlik əyləc effekti yaradır və enerjinin tam sərbəst buraxılmasının qarşısını qismən alır.

Qofar qırılma xətti yaşayış məntəqələrindən uzaqda yerləşdiyi üçün bu dövri zəlzələlər insanlar üçün birbaşa təhlükə yaratmır. Lakin alimlər hesab edirlər ki, oxşar mexanizmlər dünyanın digər aktiv fay zonalarında da mövcud ola bilər.

Bu proseslərin daha yaxşı anlaşılması gələcəkdə böyük zəlzələlərin necə və nə zaman baş verə biləcəyini daha dəqiq proqnozlaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Aydın
--> -->