"Eurovision-2025": İsveçrədə keçiriləcək şounun səhnəsi necə görünür? (VİDEO)
Beynəlxalq "Eurovision-2025" musiqi müsabiqəsinin keçirilməsinə iki həftədən az vaxt qalır. Müxtəlif ölkələrin təmsilçiləri yarımfinallardan əvvəl ilk məşqlərini keçirmək üçün İsveçrəyə – Bazel şəhərinə yollanıblar. Bu arada şəhərdə musiqi şousunun səhnəsinin qurulması başa çatıb və təşkilatçılar builki səhnənin necə görünəcəyini nümayiş etdiriblər.
Qaynarinfo xəbər verir ki, "Eurovision Song Contestin" "YouTube" kanalında səhnənin qurulması prosesini əks etdirən video yayımlanıb. 2025-ci ildə səhnənin dizayneri alman səhnəqraf Florian Vider olub.
Qeyd edək ki, o, ötən il də "Eurovision" səhnəsinin dizaynı ilə məşğul olmuşdu.
Müsabiqə "St. Jakobshalle" arenasında keçiriləcək. Bu məkan 12 mindən çox tamaşaçını qəbul edə bilir. Səhnə mərkəzi podiumdan ibarətdir və bu podium zalın içərisinə qədər uzanır. Səhnənin ətrafı işıqlandırılmış LED şəbəkə ilə əhatə olunub. Maraqlı detallardan biri isə iştirakçıların çıxışları üçün istifadə olunacaq asma konstruksiyadır.
"Eurovision"un bədii direktoru Artur Deynev builki yarışma üçün "Unity Shapes Love" ("Birləşmə sevgini formalaşdırır") şüarı altında vizual üslub yaradıb. Bu, musiqi vasitəsilə insanların birliyini simvolizə edir. Səhnədəki ekranlarda böyük bir ürək görünür – bu rəmz 2025-ci il yarışmasının simvolu olaraq seçilib və mahnı vasitəsilə yaxınlaşmanı ifadə edir.
Qeyd edək ki, "Eurovision-2025"in ilk yarımfinalı 13 mayda keçiriləcək. İkinci yarımfinal və böyük final müvafiq olaraq 15 və 17 mayda baş tutacaq.
Müsabiqədə ümumilikdə 37 ölkə iştirak edəcək. Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ev sahibi İsveçrə avtomatik olaraq final mərhələsinə vəsiqə qazanıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər