Xəbər lenti

Ədalət Partiyasında qalmaqal - Bəyanat yaydılar
Siyasət 14:16 24.04.2025

Ədalət Partiyasında qalmaqal - Bəyanat yaydılar

Ədalət Partiyasının təşkilat komitəsi IX qurultayına hazırlıqla bağlı bəyanat yayıb. 

Qaynarinfo xəbər verir ki, bəyanatda deyilir:

"Ədalət Partiyasının Ali Məclisinin aprelin 19-da keçirilmiş iclasında 17 may 2025-ci ildə Ədalət Partiyasının növbəti IX Qurultayının keçirilməsi haqqında qərar qəbul edilib və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.  Ali Məclis sədri və müavinlərinin məlumatları olmasına baxmayaraq, iclasa planlı şəkildə gəlməyib, bununla da iclası pozmağa çalışıblar. Bu alınmadıqda isə qərara veto qoyulması barədə bəyanat yayıblar. Bəyanatda göstərilənlərdən heç biri əsas vermir ki, Ali Məclisin qərarına veto qoyulsun. 

Birincisi, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı vacib deyil, çünki Siyasi Şura üzvləri Ali Məclisin üzvləri deyil və yalnız dəvət edildikləri halda iclasa qatıla bilərlər. 

İkincisi, Ali Məclis sədri, onun müavinləri bilərəkdən iclasa gəlməyib, sağlam rəqabət aparmaq əvəzinə partiyanın ofisinin kilidini dəyişərək, iclasın baş tutmasına əngəl olmağa çalışıblar. Onlar iclasda iştirak etmədiyi halda partiya Nizamnaməsinə əsasən iclas səlahiyyətli hesab olunur və buna görə, onun qərarlarına veto qoyula bilməz.

Ali Məclisin 19 aprel 2025-ci ildə keçirilən iclasında Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bununla da Ali Məclisin səlahiyyətlərinə son verilmiş, onun sədrinin də səlahiyyət müddəti bitib. 

Beləliklə, 19 aprel 2025-ci il tarixdən etibarən Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir. Bütün səlahiyyətlər Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə və onun sədrinə keçib. 

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bəyan edir ki, növbəti IX Qurultay 17 may 2025-ci ildə keçiriləcək və bu məqsədlə bütün rayon təşkilatlarını Qurultayda fəal iştirak etməyə çağırır".


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->