Xəbər lenti

Dərinliklərdə gizlənən həyatlar: Yeni canlı növləri kəşf edildi
Dünya 22:41 19.03.2025

Dərinliklərdə gizlənən həyatlar: Yeni canlı növləri kəşf edildi

10.900 metr dərinliyə enməyi bacaran Çin istehsalı "Fendouzhe" sualtı aparatı tarixdəki ən dərin sirrlərdən bəzilərini üzə çıxarıb. Bu kəşf nəticəsində elm adamları tamamilə yeni canlı növləri ilə tanış olublar.

Qaynarinfo xəbər verir ki, dünya okeanlarının ən dərin bölgələri səthdən 6.000–11.000 metr aralığında yerləşir. Bu ərazilər həddindən artıq təzyiq, donma həddinə yaxın temperatur, məhdud qida mənbələri və tam qaranlıq şəraitlə əhatələnib. 

Elə ekstremal şərtlərə malikdir ki, hətta hərbi məqsədlər üçün nəzərdə tutulmuş sualtı texnologiyalar belə bu dərinliklərə çatmaqda çətinlik çəkir. Lakin elm adamları üçün bu, araşdırmalardan geri çəkilmək üçün səbəb deyil.

Son texnologiya ilə təchiz edilmiş insansız Çin sualtı aparatı "Fendouzhe" 10.900 metr dərinliyə dalaraq mühüm elmi kəşflərə imza atıb. Tədqiqatçılar Yap çökəkliyi, Filippin hövzəsi və dünyanın ən dərin nöqtəsi olan Mariana çökəkliyindən yüzlərlə bioloji nümunə toplayıblar. Bu nümunələrin analizindən sonra dəniz dibində inanılmaz bir biomüxtəlifliyin olduğu ortaya çıxıb: 7.564 mikrob növü aşkar edilib və onların 89,4%-i elm üçün tamamilə yeni hesab olunur. Bu kəşf, yer kürəsinin ən əlçatmaz yerlərində belə həyatın sərhədlərinin nə qədər geniş olduğunu sübut edir.

Okeanın bu səviyyəsində yaşamaq son dərəcə çətindir. Güneş işığı bu dərinliklərə çata bilmir, hər yer qaranlığa bürünüb. Təzyiq isə o qədər yüksəkdir ki, adi cihazlar bu şəraitdə işləyə bilmir. Temperatur demək olar ki, donma həddinə yaxındır, lakin buna baxmayaraq, həyat bir şəkildə davam edir. Alimlər tərəfindən toplanan nümunələr, bu sərt mühitdə canlıların necə sağ qaldığını anlamaq üçün mühüm əhəmiyyət daşıyır. Mikroorqanizmlər və digər kiçik canlılar öz adaptasiya mexanizmləri ilə elmi dünyada böyük maraq doğurur.

Araşdırmalar bəzi dəniz canlılarının bu dərinliklərə nə zaman yerləşdiyini də öyrənməyə başlayıb. Məsələn, yılanbalıqlarının təxminən 100 milyon il əvvəl dərin dəniz mühitinə keçdiyi ehtimal edilir. Tədqiqatçılar hesab edirlər ki, bu adaptasiya dinozavrları və dayaz sulardakı bir çox dəniz canlısını məhv edən meteorit çarpmasından sağ çıxmalarını təmin edib. Bu isə dərin dənizlərin həyat üçün qeyri-adi bir sığınacaq rolunu oynadığını göstərir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->