ABŞ-ın Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri, məşhur iş adamı İlon Mask "pis insanlar"ın onu öldürmək istədiyini iddia edib.
Qaynarinfo xəbər verir ki, o, "Tesla" şirkətinə zərər verməyə çalışıldığını və hökumətdəki korrupsiyaya qarşı mübarizə apardığını bildirib.
ABŞ prezidenti Donald Trampın ikinci dönəmində fəal rol oynayan İlon Mask son həftələrdə federal bürokrasiyanı azaltmaq səylərinə görə ciddi tənqidlərə məruz qalıb. Milyarder iş adamı "İnsanların, saxtakarlıqla əldə etdikləri pullar əlindən alınanda, çox narahat olduqları ortaya çıxır" ifadəsini işlədib.
"Məni öldürmək istəyirlər, çünki onların saxtakarlıqlarını ifşa edirəm. "Tesla"ya zərər verməyə çalışırlar, çünki hökumətdəki dəhşətli israfçılığı və korrupsiyanı dayandırırıq. Məncə, bunlar pis insanlardır. Pis insanlar pis işlər görür", deyə Mask bildirib.
O, "Tesla"nın sülhsevər bir şirkət olduğunu və özünün heç bir zərərli fəaliyyətlə məşğul olmadığını vurğulayıb: "Mən sadəcə məhsuldar işlər görmüşəm. Burada bir növ dəli düşüncə tərzi var".
Mask ona qarşı daha əvvəl heç bir nümayişin təşkil olunmadığını xatırladaraq, bu etirazların arxasında kimlərin olduğunu və kimlər tərəfindən maliyyələşdirildiyini sorğulayıb: "Daha böyük qüvvələr iş başındadır. Çünki bu, ağılasığmazdır. Daha əvvəl belə bir şey görməmişdim".
ABŞ-ın bir neçə bölgəsində ay ərzində "Tesla" avtomobil mərkəzləri qarşısında etiraz aksiyaları keçirilib, bəzi nümayişçilər polis tərəfindən saxlanılıb. Prezident Donald Tramp İlon Maskı dəstəklədiyini göstərmək üçün "Tesla" avtomobili alıb. O, "Tesla" mərkəzlərinə qarşı şiddət aksiyalarını "daxili terror" kimi qiymətləndirəcəyini və günahkarların ciddi nəticələrlə üzləşəcəyini bəyan edib.
Aydın
Şərhlər