Xəbər lenti

COVİD-19-da BA.3.2 xəbərdarlığı: İmmunitet qalxanını yarıb keçir
Sağlamlıq 17:00 30.03.2026

COVİD-19-da BA.3.2 xəbərdarlığı: İmmunitet qalxanını yarıb keçir

COVİD-19 qlobal pandemiyasından altı il keçməsinə baxmayaraq, virus elmi dairələri təəccübləndirməyə və özünü yeniləməyə davam edir. Son günlər tədqiqatçıların diqqət mərkəzinə düşən BA.3.2 adlı yeni variant SARS-CoV-2 virusunun təkamülünün hansı səviyyəyə çatdığını bir daha göstərib.

Qaynarinfo xəbər verir ki, ilk dəfə 2024-cü ilin noyabrında Cənubi Afrikada aşkarlanan bu variant qısa müddətdə qitələrarası yayılaraq qlobal miqyasda dövriyyəyə daxil olub. Mütəxəssisləri ən çox narahat edən məqam isə onun mövcud vaksinlərin hədəf aldığı zülal strukturunda ciddi dəyişikliklər yaratmasıdır.

BA.3.2 variantı genetik ardıcıllığında 70–75 arasında mutasiya və silinmə ilə seçilir. Xüsusilə virusun hüceyrələrə yapışmasını təmin edən spike zülalındakı dəyişikliklər onu 2024-cü ilin əvvəlindən dövriyyədə olan digər JN.1 nəsillərindən genetik baxımdan tam fərqləndirir. Bu isə virusun sadəcə forma dəyişdirmədiyini, demək olar ki, yeni bir kimlik qazandığını göstərir.

Laboratoriya araşdırmaları mövcud ən yeni vaksinlərin bu variant qarşısında digər altı alt növlə müqayisədə daha aşağı effektivlik göstərdiyini ortaya qoyub. Yəni virus əvvəlki yoluxmalar və ya peyvəndlər nəticəsində yaranan immun müdafiəni aşmaqda daha bacarıqlı hesab olunur.

Güclü immun qaçış qabiliyyətinə baxmayaraq, BA.3.2 hələ ki, digər dominant ştamları sıradan çıxararaq tək hakimiyyət qurmayıb. Avropanın müxtəlif ölkələrində JN.1 törəmələri ilə paralel şəkildə dövriyyədə qalır və təxminən 10–40 faiz aralığında yayılma göstəricisinə malikdir. Lakin bu, variantın təhlükəsiz olduğu anlamına gəlmir. Əksinə, Afrika, Asiya, Avropa və Okeaniyada ümumilikdə 23 ölkədə aşkar edilib. ABŞ-də aparılan tullantı suyu analizləri isə 25 ştatda bu variantın izlərinin olduğunu göstərib.

Dünya üzrə yoluxma sayı 779 milyonu keçib və xəstəliyin ictimai sağlamlığa təsiri hələ də ciddi olaraq qalır. Təkcə 2025-ci ilin oktyabrından 2026-cı ilin martına qədər olan dövrdə milyonlarla yoluxma və on minlərlə ölüm halı qeydə alınıb. Məhz buna görə alimlər virusun genetik dəyişimini fasiləsiz izləməyə davam edirlər. Bu monitorinq həm yeni variantların aşkarlanmasına, həm də gələcək vaksin tərkiblərinin yenilənməsinə istiqamət verir.

Aydın

--> -->