"Unun topdansatış qiymətinin aşağı düşməsinin çörəyin qiymətinə təsiri olmayacaq".
Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
İqtisadçı bunun səbəbini çörək zavodlarının digər xərclərinin qalxması ilə izah edib:
"Qiymətlərə baxanda görürük ki, 50 kiloqram unun çəkisində qiymət fərqi 1-2 manat arasındadır. Çörəyin çəkisi isə 600 qram müəyyənləşib. Hesablayanda bir kiloqram unda 4 qəpik, bir çörəkdə isə iki qəpik fərq var. Ona görə də unun qiymətinin düşməsinin çörəyə təsiri olmayacaq. Nəzərə alaq ki, çörək zavodlarının xərcləri artıb. Yanvar ayından işığın, qazın da qiyməti, eyni zamanda dizel yanacağının da qiyməti qalxıb. Dizel yanacağı çörəyin daşınmasında böyük rol oynayır".
Xalid Kərimli hesab edir ki, bu cür cüzi dəyişmələr çörək istehsalçılarının gəlirinə deyil, ziyanına gəririb çıxarır.
Xatırladaq ki, iyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib. Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26,5-27,3 manat arasında olub.
Bahar Rüstəmli
Şərhlər