ABŞ-ın Dövlət katibi Entoni Blinken Gürcüstanda baş verən son hadisələrə münasibət bildirərkən, bir neçə gün ərzində etirazçıları sərt şəkildə dağıdan təhlükəsizlik qüvvələrinə qarşı əlavə sanksiyaların tətbiq olunması mümkünlüyünü istisna etməyib.
Qaynarinfo xəbər verir ki, Blinkenin bəyanatını ABŞ Dövlət Departamenti yayıb. O, ABŞ-ın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini, eləcə də gürcü xalqının Avroatlantik səylərinə tam dəstək verdiyini
bildirib.
"Amerika Birləşmiş Ştatları, "Gürcü arzusu” partiyasının Gürcüstan vətəndaşlarına, etirazçılara, mətbuat nümayəndələrinə və müxalifət liderlərinə qarşı qeyri-qanuni və qəddar zorakılığını qətiyyətlə pisləyir", – Blinken vurğulayıb.
O, "Gürcü arzusu" partiyasını "repressiv taktikalara son verməyə", xüsusən də əsassız saxlanılmalar və fiziki zorakılıqdan istifadəyə çağırıb.
Dövlət katibi həmçinin hüquq-mühafizə orqanlarının əli ilə ciddi xəsarətlər alan şəxslərlə bağlı narahatlığını ifadə edib.
"O şəxslər ki, dinc yolla toplaşmaq və fikir ifadə etmək hüquqlarını həyata keçirdiklərinə görə saxlanılıblar, dərhal azad olunmalı, qanunsuz zorakılığa yol vermiş vəzifəli şəxslər isə tam məsuliyyətə cəlb olunmalıdır", – Blinken qeyd edib.
O, həmçinin ABŞ-ın Gürcüstanla ikitərəfli əməkdaşlığın əvvəlki əhatəli qiymətləndirməsini davam etdirəcəyini deyib: "Amerika Birləşmiş Ştatları bütün mövcud alətlərdən, o cümlədən əlavə sanksiyalardan istifadə etməyə hazırdır".
Xatırladaq ki, Gürcüstanda artıq bir neçə gündür etirazlar davam edir. Etirazçılar, baş nazirin 2029-cu ilə qədər Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını dayandıracağı ilə bağlı açıqlamasından sonra kütləvi nümayişlərə başlayıblar.
Baltikyanı ölkələr artıq etirazların dağıdılmasında iştirak edən Gürcüstan məmurlarına qarşı sanksiyalar tətbiq ediblər, o cümlədən hakim partiyanın faktiki lideri, oliqarx Bidzina İvanişviliyə qarşı.
Həmçinin, 4 dekabrda prezident Vladimir Zelenski Gürcüstan hökumətinin hərəkətlərinə görə sanksiyaların tətbiq olnmasını elan edib.
Alpər
Şərhlər