Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişinin imzalanması üçün iki əsas şərtin vacibliyini vurğulayıb: Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi.
Qaynarinfo xəbər verir ki, nazir bu fikirləri "Anadolu" agentliyinə (AA) Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində verdiyi müsahibədə səsləndirib.
Azərbaycanın 2-ci Qarabağ müharibəsində öz torpaqlarını 30 illik işğaldan azad etməsindən sonra regionda sülh üçün imkanların yarandığını qeyd edən Bayramov 2021-ci ildə Azərbaycan tərəfinin Ermənistana düşmənçiliyə son qoymaq təklifi ilə müraciət etdiyini, lakin bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb.
2022-ci ilin əvvəlində Bakı İrəvana sülh sazişinin 5 əsas prinsipini təqdim edib və həmin ilin oktyabrında sülh danışıqlarına başlanılıb. Nazir qeyd edib ki, ilkin saziş layihəsi Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunub və təxminən 2,5 il davam edən danışıqlardan sonra bir ay öncə layihə üzrə razılıq əldə olunub.
Bayramov bildirib ki, layihənin imzalanması üçün əlavə məsələlər də var və bu məsələlər Ermənistanla yanaşı, prosesi izləyən ölkələrə də çatdırılıb. Onun sözlərinə görə, razılaşdırılmalı ən əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hələ də qalmasıdır. Nazir bu müddəa dəyişdirilmədən sülh sazişinin imzalanmasının mümkün olmadığını və konstitusiyanın dəyişdirilməsinin qaçılmaz olduğunu vurğulayıb.
Digər mühüm şərtin ATƏT-in Minsk qrupu ilə bağlı olduğunu deyən Bayramov bildirib:
"Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Bu gün isə Qarabağ məsələsi artıq həll olunub, Qarabağ Azərbaycanın bir hissəsidir və Ermənistan da bunu qəbul edir. Belə bir şəraitdə Ermənistanın hələ də Minsk qrupunun davam etməsi üçün çalışması suallar doğurur. Biz Minsk qrupunun ləğvini israrla tələb edirik. Sülh sazişinin imzalanması bu iki əsas amildən asılı olacaq. Top artıq Ermənistan tərəfindədir".
"Dost ölkələrin dəstəyi ilə Qərbin planları iflasa uğradı"
Bayramov bildirib ki, Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya 30 il ərzində işğala son qoymaq üçün Ermənistana heç bir təzyiq göstərməyib, əksinə işğalçı ilə işğal qurbanına eyni yanaşma sərgiləyiblər. O qeyd edib:
"2-ci Qarabağ müharibəsindən sonra Qərb ölkələri, xüsusilə Fransa və şəxsən Fransa prezidenti Emmanuel Makron, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmədilər və BMT Təhlükəsizlik Şurasında Azərbaycanı cəzalandırmağa çalışdılar. Avropa İttifaqında sanksiya təşəbbüsləri də irəli sürüldü, lakin heç biri nəticə vermədi. ABŞ-da isə demokratlar hakimiyyətdə olduqları dövrdə Ermənistana dəstək göstərdilər".
Bayramov əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət və başda qardaş Türkiyə olmaqla dost ölkələrin verdiyi dəstək nəticəsində Qərbin planları puça çıxdı.
"Şimali Kiprli qardaşlarımız hər zaman Azərbaycanın dəstəyinə arxalana bilər"
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə əlaqələrə də toxunan Bayramov, bu ölkə ilə isti və sıx qardaşlıq münasibətlərinin olduğunu qeyd edib. O, ŞKTC prezidenti Ersin Tatarın Azərbaycana səfərlər etdiyini, parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini və ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusuna malik olduğunu xatırladıb:
"ŞKTC-nin TDT çərçivəsindəki fəaliyyətlərini dəstəkləməyə davam edəcəyik. Daha geniş yanaşsaq, problemin ŞKTC və Kipr yunan kəsiminin bərabər hüquqlara malik olması əsasında həlli vacibdir. Hər iki xalqın hüquqları ədalətli şəkildə təmin olunmalıdır. Tarixi, mənəvi və beynəlxalq hüquq daxil olmaqla bütün amillər nəzərə alınmalıdır. Ancaq bu şəkildə ədalətli həll mümkündür. Biz bu məsələnin ədalətli həllini tapacağına inanırıq. Şimali Kiprli qardaşlarımız bu məsələdə Azərbaycanın dəstəyinə hər zaman arxalana bilərlər".
Aydın
Şərhlər