Xəbər lenti

Siyasət 13:49 12.07.2025

"Azərbaycan heç bir ölkə ilə gərginlik istəmir" (ŞƏRH)

"3+3 platformasına start verən Azərbaycan heç bir ölkə ilə gərginliyə səbəb ola biləcək mövqe sərgiləmir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Bakı və İrəvan "düşmənimin düşməni mənim dostumdur deyimi ilə hərəkət edərək ABŞ-ın da dəstəyi ilə Rusiyanı bölgədən çıxarırmı" sualına cavabında deyib.

Onun fikrincə, Rusiyanın öz istək və tələbləri ola bilər: 

"Amma bu o demək deyil ki, Azərbaycan Rusiyaya qarşı cəbhə formalaşdırmaq fikrindədir. Ermənistan Rusiya ilə arasında olan məsələləri özü həll etməlidir".

Politoloqun fikrincə, regionda "düşmən" anlayışı ilə hərəkət etmək heç kimə xeyir gətirməz:

"Ona görə də hesab edirəm ki, Rusiya ilə ortaya çıxan gərginlik öz həll yolunu tapacaq".
 


Azər Qasımov düşünür ki, Azərbaycan Ermənistan hakimiyyətinə kənardan daxili problemləri həll etmək üçün dəstək verə bilər:

"Bu, sülh müqaviləsi barəsində müsbət ritorika ilə ola bilər. Bu zaman erməni toplumu Paşinyana dəstəyini artıra bilər".

Ekspert qeyd edir ki, Rusiya ilə gərginlik kimsəyə xeyir gətirməz: 

"Ona görə də ümümi formul tapılmalıdır ki, bütün ölkələrin maraqları təmin edilsin. Təbii ki, Azərbaycanın maraqları ilk növbədə gözlənilməlidir".

Qeyd edək ki, Amerikada nəşr olunan nüfuzlu "The Hill” qəzetinin yazdığına görə, Rusiya Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlamaq üçün "parçala və hökm sür" strategiyasından istifadə etməklə hər iki tərəfi qəzəbləndirib. İndi isə bu, iki tərəfi bir-birinə daha da yaxınlaşdıra bilər. 

Qeyd olunur ki, iki hadisə Rusiyanın regiondakı mövqeyini sarsıdıb: Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması və Ukraynadakı müharibə. Azərbaycanın 2020 və 2023-cü illərdəki uğurlu əməliyyatlarından sonra Moskva əsas rıçağını itirib. Ukraynada müharibənin başlaması ilə onun Cənubi Qafqaza təsir imkanları xeyli azaldıb.
 
Öz növbəsində "The Moscow Times” qeyd edib ki, son 35 ilin böyük hissəsini bir-biri ilə müharibə vəziyyətində keçirən Ermənistan və Azərbaycanın indi ortaq bir düşməni var - Kreml. Rəsmi Moskva bunu çox yaxşı anlayır və qəbul etmək məcburiyyətində qalır ki, Rusiyaya qarşı nifrət o həddə çatıb ki, hətta qatı rəqiblər belə gələcək naminə birləşmək qərarına gəliblər:

"Bu vəziyyət xüsusilə Rusiyanın regionda apardığı avantüraları iflasa uğradır. Kreml Ermənistanda dövlət çevrilişi etməyə çalışdı, hətta keşişləri də küçələrə çıxardı, amma nəticəsiz qaldı. Çünki ABŞ buna imkan vermədi". 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->