"Tramp üçün ən vacibi atəşkəsə nail olmaqdır. Amma atəşkəs şərtlərilə Rusiya və ümumən Ukrayna da razı deyil”.
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Fərhad Məmmədov mineral ehtiyatlarla bağlı Kiyevlə imzalanan sazişin ardınca, ABŞ Senatında Rusiyaya qarşı növbəti sanksiya layihəsi, atəşkəs üzrə vasitəçilikdən çəkilmək və Trampın ilk dəfə Ukraynaya silah satışına izn verməsi kimi məsələlərin gündəmə gəlməsinin hansı anlama gəldiyi və hansı dəyişikliklərdən xəbər veridyini şərh edərkən deyib:
"Kiyev isə burada daha zəif olduğundan Vaşinqtona daha çox güzəştə getməli oldu. Ukraynanın strateji məqsədi işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımamaq və atəşkəsə nail olmaqdır. Rusiya isə əksinə, işğal edilmiş ərazilərin öz ərazisi olduğunun Kiyev, Vaşinqton və yaxud dünya ictimaiyyəti tərəfindən tanınmasını istəyir”.
Ekspertin fimrincə, mineral ehtiyatlarla bağlı müqavilə ilə Kiyev Vaşinqtonla danışıqlarda öz mövqeyini möhkəmləndirir:
"Ukrayna ABŞ-la təbii ehtiyatlarla bağlı müqaviləni imzaladı. Bununla isə Kiyev ABŞ-la danışıqlarda öz mövqelərini möhkəmləndirir. İndi də növbə Rusiyaya qarşı təzyiqlərin həyata keçirilməsinə gəlir. Yəni bu, Tramp tərəfindən həyata keçirilən təzyiq formasıdır ki, Rusiya öz maksimalist yanaşmasından əl çəkib, atəşkəsə imza atsın və ABŞ-ın iştirakı ilə Kiyevlə birbaşa danışıqlara getsin”.
Amma ekspert Moskvanın bunu qəbul edəcəyini düşünmür:
"Çünki Vaşinqtonun vasitəçi kimi danışıqlardan çəkinməsi Moskvanın da marağındadır. Ona görə də cəbhədə Rusiya daha güclüdür və onlar öz şərtlərini dəyişməyərək hələ bir müddət müharibəni apara bilər”.
Qeyd edək ki, Ukrayna ilə nadir mineral ehtiyatlarla bağlı bağlanan müqavilənin ardından Tramp adminstrasiyası Rusiyaya qarşı sanksiyalara üstünlük verməyə başlayıb. Artıq bu məsələ Senata təqdim olunub.
Həmçinin ABŞ Rusiyadan neft alan ölkələrə 500%-lik rüsum tətbiq edə bilər. ABŞ Senatının Cənubi Karolinadan olan respublikaçı üzvü Lindsi Qrem bildirib ki, Rusiyaya və bu ölkədən neft alan dövlətlərə qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini 72 senator dəstəkləyir.
Respublikaçı Lindsi Qrem onu da bildirib ki, o, "Putin Rusiyasına" qarşı yeni sanksiyalar haqqında iki partiyanın dəstəyini alan qanun layihəsi təqdim edib.
Bundan başqa, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada keçirilən görüşdən sonra Tramp bəyan edib ki, Putin müharibəni dayandırmaq istəmir və buna görə də onun "yerini göstərmək" üçün ya bank sektoru üzərindən, ya da "təkrar sanksiyalar" tətbiq edilməlidir.
Bu arada "İnterfaks”ın məlumatına görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib ki, ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.
Bir daha xatıdladaq ki, bütün bu addımlar Kiyevlə Vaşinqton arasında nadir minerallarla bağlı imzalanan sazişdən dərhal sonra atılıb.
Rüfət Sultan
Şərhlər