Xəbər lenti

Robot Robikin kənd macəraları
Murad KÖHNƏQALA
Ölkə 15:27 29.04.2025

Robot Robikin kənd macəraları

(I hissə) 

Bakının ensiz küçələrindən, dar səkilərindən çoxdan bezmişdim. Yeni robotların da şəhərə buraxılmasından sonra özümü lap pis hiss edirdim, ürəyim darıxırdı. Ha deyəndə, yolda-səkidə robotlarla sürtünməkdən, bu dəmir-dümürlə salamlaşmaqdan bezmişdim. Axmaq-axmaq proqramlar qoyublar deyə, salam verməkdən, yersiz təzim etməkdən adamı bezdirirlər. Odur ki, həyat yoldaşımın məsləhəti ilə kəndimizə qayıtmağı, kənd təsərrüfatı  və heyvandarlıqla məşğul olmağı qərara aldım. 

Sonradan eşidirəm ki, rayon əsillilərin çoxu mənim kimi eləyib, kənd-kəsəyə qayıdıb, yəni. Doğru da eləyiblər.

Nə başınızı ağrıdım, hazırda öz kəndimizdəyəm. Ancaq elə birinci gündən baxdım ki, kənddə də robot saxlayanlar çoxdu. Kənd sakinləri robotları əsasən, maldarlıqda, əkinçilikdə və ev işlərində işlədirlər. 

Səhər açılan kimi kənd robotları mal-qaranı tövlələrdən çıxararaq dağların ətəyinə, yamaclara haylayıb yayırlar. Axşam olanda da hərə öz qoyun sürüsünü, mal-qarasını qabağına qatıb, haydı, kəndə enir, öz evlərinə dağılışırlar. Əladı, canımçün. Robotlar yemək yemir, su içmir, yalnız üç gündən bir yarım saatlıq toka qoşursan, vəssalam. 

Bu robotların çoxusu elə, tövlənin qapısının ağzında yatır, yağış yağdımı, qapını açıb tövləyə, malların yanına girirlər. Ev sahibləri onları evə, özlərinin yaşadığı yerə buraxmırlar, onlara bir növ keçmişdəki şəxsi nökər, nə bilim, çoban kimi baxırlar. Bircə başlarının qıllı papağı əskikdi, mənölüm.  

Əslində kəndçilərimiz düz yoldadı! Neyləməlidirlər? Dünya yenilənir, bunlar da dünya ilə ayaqlaşmalıdırlar, ya yox?! 

Nəysə, kəndə köçdüyümüz bir ay müddətində biz də adaptasiya dövrü keçməli olduq. Səhərlər oyanıb dəsmalımı çiynimə ataraq bağın arxasındakı çaya düşür, axar suda əl-üzümü yuyuram, ləzzət eləyir. Sonra da qonşu ilə aramızda olan çəpərdən moruq dərib yeyirəm. Biz gələndə moruqlar təzə çiçəkləyirdi hələ. Biraz bağda-baxçada hərləndikdən sonra həyətdə samovarı işə salıram. Yoldaşım deyir, a Dəmir, gör biz nə qədər ağılsız olmuşuq, o şəhərdə nə itimiz azmışdı? Düz də deyir, canımçün. Baxıram, yoldaşım məndən ağıllıdı. Deyirəm, bəlkə uşaqları da çağıraq şəhərdən, qoy gəlib burda yaşasınlar? Deyir yox ee, onların hələ dəymək vaxtı deyil, onlar neçə ki kaldırlar, hələ şəhərdə yaşayacaqlar. Yəni, bizi kimi ağıllanıb dəyənə qədər şəhərdə qalacaqlar. Mən də dedim, düz deyirsən, əzizim, bu dünyada hərə öz ağlının cəzasını çəkir. 

Deyirəm dəə, yoldaşım məndən xeyli ağıllıdı, bayaq  dedim, kəndə köçmək ideyasını da ağlıma o salmışdı. 

Tu-tu-tu, göz dəyməsin! Görün səhər-səhər neyləyirik! Demək, samovar tut ağacının altında qaynayana qədər yoldaşım naxışlı kilimi sərir yerə. Üstünə də döşəkçələrdən, mütəkkələrdən atır. Mən də uzanıb mütəkkəyə dirsəklənirəm. 

O gün beləcə, xoşbəxtlik içində mürəbbəli çay içəndə yoldaşım çayından bir qurtum alıb şirin dilini işə saldı: "A Dəmir, deyirəm bəlkə biz də mal-qara alıb saxlayaq, həə? Pendiri-südü niyə qonşudan alırıq ki? Onsuz da boş-bekar adamlarıq. Məsələn, sən birazdan dördyola, kişilərlə söhbət eləməyə çıxacaqsan, ordan da çayxanaya! Allah bilir axşam da haçan qayıdacaqsan. Ancaq mal-qaramız olsa həm mənim başım qarışar, həm də sənin biraz məşğuliyətin, məsuliyətin olar. Robot da alsaq əl-ayağı təmiz yaşayarıq. Odu, bax, qonşu Məsim kişinin heyvanlarını otarması bir yana, tövləsini də robot təmizləyir”. 

Ağıllı sözə nə deyəsən? Tezcə razılaşdım. Dedim, bax gör nə qədər pulumuz var orda, neçə qoyun, neçə inək ala bilərik? Gərək, gələn aya da bir şey saxlayaq dolanmaq üçün. Yoldaşım qaçıb getdi, kartımızda qalan və evdə nağd olan pullarımızı hesabladıqdan sonra dedi: "Kişi, bir robot, bir xeyli də mal-qara ala bilərik. Haydı, sabah mal bazarına! Bilirsən dəə, mala baxan robotlar da mal bazarında satılır. O gün arvadlar da danışırdı, Səlimin oğlunun təzə robotlardan yaxşı başı çıxır. Malları özün seçə bilərsən, ancaq robot məsələsində gərək aldanmayasan. Elə sort robot almalısan ki, dağda-daşda büdrəyib yıxılmasın, öz heyvanlarımızı tanısın, malın arxasınca qaça bilsin, nə bilim, müasir proqramı olsun ki, adamlara da hörmətlə yanaşmağı bacarsın. Eşirmişəm köhnə proqramlı robotlar kobud olur, hər işi bacarmırlar.”

Deyirəm dəə, yoldaşım çox ağıllıdı, məndən ən azı üç dəfə ağıllıdı. Dedim, bu əla oldu, birazdan çayxanaya çıxacam, Səlimin oğlunu tapıb sabah tezdən mənimlə mal bazarına getməyə razılaşdıracam. Onu uşaqlıqdan tanıyıram, yaxşı uşaqdı, mənim sözümü yerə salmaz. 

Yoldaşımla beləcə xəyal quraraq ləzzətlə çay içdikdən sonra qalxıb yavaş-yavaş kəndin çayxanasına doğru yol aldım. 

(ardı var)

Murad Köhnəqala

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->