Xəbər lenti

Gülməyi kimdən öyrəndin?
Amal Abuşov
İdman 12:06 27.03.2026

Gülməyi kimdən öyrəndin?

2020-ci ilin sentyabrında Azərbaycan millisi Bakıda Lüksemburqa 1:2 hesabıyla məğlub olmuşdu. Həmin vaxt komandamızı italyan Canni De Byazi çalışdırırdı. Onun Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxarmasını əlində bayraq edən AFFA bizi inandırmağa çalışırdı ki, italyan burda da həmin uğurunu təkrarlayacaq. Unudurdular ki, De Byazi Azərbaycana gələndə Albaniya millisinin futbolçularını da gətirə bilməyəcək. Bizim futbolçuların səviyyəsi isə böyük turnirlərin final mərhələsində yarışmağa yetərli deyil.

Hər dəfə bunu deyirik, təkrarçılıq etməyim və qayıdım 2020-ci ilin sentyabrına. Milli Lüksemburqa uduzanda sosial şəbəkələrdə mizahlı satirik yazıları ilə tanınan Alim Cəfər belə bir status yazmışdı: "Azərbaycan millisinin uduzmadığı ölkələr: Urartu, Ağqoyunlular, Qaraqoyunlular...” Yəni ki, uduzmadığımız bir Lüksemburq qalmışdı, ona da uduzduq, başqa kimə gücümüz çatacaq?!

Sən demə, FİFA-nın siyahısı geniş imiş. Başqa qitələrə boylandılar ki, Azərbaycan millisinin qalib gələ biləcəyi komanda tapsınlar, AFFA-nın da üzü gülsün. Avropada artıq belə yığma tapmaq xeyli müşkül məsələdir. FİFA da sağ olsun, bizim üçün beləsini tapıb. Onların sayəsində öyrəndik ki, bu dünyada Sent Lüsiya adında dövlət varmış, onlar da futbol oynayırmışlar. Bu gün həmin o Sent Lüsiya yığması bizim millinin rəqibi olacaq.
 
Ümid edirik ki, bizimkilər FİFA-nın bu hədiyyəsini sevə-sevə qəbul edəcəklər, zəif rəqibini böyük hesabla məğlub etməyi bacaracaqlar. Ondan sonra da AFFA-dan səxavət gözləmək, ayrılacaq mükafatı hara xərcləmək haqqında düşünmək olar. Bu qələbədən sonra da Ayxan Abbasov sinəsini bir qədər də şəstlə irəli verəcək, qalibiyyəti necə əldə etdiyimizdən danışacaq.
 
Təbliğatçıları da onun milliyə təyinatından sonra komandaya milli ruhun qayıtmasından yazıb-danışacaqlar. Guya ki, Ayxan Abbasov millimizə gələn kimi Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev, Renat Dadaşov, Anton Krivotsyuk və digərləri birdən-birə dönüb olublar vətənpərvər. 

Deyəsən, qələbənin sərxoşluğu Ayxan Abbasova əvvəlcədən təsir etməyə başlayıb, adam indidən yerli-yersiz gülməyə başlayıb. "Sabah”ın karyerasına böyük zərbə vurduğu, hakim Rauf Allahverdiyev kimi futboldan silməyə çalışdığı Yusif İmanovun milliyə hansı səbəbdən çağırılmaması ilə bağlı suala Ayxan bəy kinayəli gülüşlə cavab verib. Bir vaxtlar Türkiyə millisini çalışdıran Şenol Güneş "Fənərbaxça”nın stadionunda keçirilən qarşılaşmaya "Trabzonspor”un rəngləri ilə süstlənmiş qalstuk taxıb gəlmişdi. Onun bu hərəkəti etiraz doğurmuşdu, millinin baş məşqçisinin öz statusuna uyğun davrana bilməməsi tənqid edilmişdi. İndi görürük ki, Ayxan bəy də hansı postu tutduğunu unudur, Yusif İmanovun karyerasına, səviyyəsinə kinayəylə gülür. Gülünəsi adamsa elə onun özüdür. Ona görə ki, aylardır meydana çıxmayan, məşq etməyən Şahruddin Məhəmmədəliyevi yığmaya çağırıb, Yusif İmanovu yox. 

Bu gün milli oynayır. Bizim hamımız azarkeşlik etdiyimiz milli. Ayxan Abbasov olsun, yaxud da Fernandu Santuş, fərq etməz. Bizim üçün həmişə milli dəyərlidir. Bu səbəbdən də çox dərinə gedib, Abbasovun qanını qaraltmaq istəmir. Ona və millinin futbolçusuna axşamkı görüşdə uğurlar arzulayıram. Ümid edirəm ki, özü də artıq səhvini başa düşüb, AFFA rəhbərliyi də onunla ciddi söhbət edib. Soruşublar ki, belə gülməyi kimdən öyrəndin? Necə deyərlər, həyat səni güldürəndə gülmək hünər deyil, hünər odur ki, həyat səni ağladanda gülə biləsən. Yəni, rəqibin Sent Lüsiya yox, Fransa olanda.
 
Amal Abuşov
--> -->