Xəbər lenti

İran niyə bu günə qaldı?..
Hüseynbala Səlimov
Dünya 12:29 05.03.2026

İran niyə bu günə qaldı?..

İran, deyəsən, doğrudan da Ukraynanı arxa plana keçirib.

Əlbəttə, Tehran bizə qonşu ölkədir. Onunla yaxınlığımızın təfərrüatları bir yana, bu müharibənin bizim üçün nəticələri də Rusiya–Ukrayna müharibəsindən daha çox ola bilər: həm pozitiv, həm də neqativ mənada.

Amma çox maraqlıdır ki, eyni diqqət digər ölkələrdə də hiss olunur. Hərçənd Kiyev–Moskva münasibətlərində baş verən ləng proseslər hələ real nəticələr verməsə də, ətalət üzrə davam etməkdədir. Sadəcə, hamı anlayır ki, Vaşinqtonun iştirakı olmadan Ukrayna məsələsini həll etmək mümkün olmayacaq və Qərbdə heç kim istəmir ki, Vaşinqton indi də Yaxın Şərqdə "ilişib” qalsın. Bunu yalnız Moskvada istəyirlər...

Həm də bilirsiniz, adamın ağlına nə gəlir? Ukrayna da ərazi baxımından böyük dövlətdir, əhalisi də digər postsovet ölkələri ilə müqayisədə heç də az deyil. Amma bütün hallarda gənc dövlətdir və bəxti də onda gətirməyib ki, Rusiya ilə qonşudur, Moskva ilə müəyyən bağlılıqları var və vaxtilə də olub — bəli, bədbəxtlikdən...

Ona görə də adam Ukraynada baş verən proseslərə bir qədər "anlayışla” yanaşa bilir. Amma İranda baş verənləri anlamaq və bunlarla razılaşmaq elə də asan deyil. Çünki istər-istəməz ağla bir sual gəlir: axı İran niyə bu hala düşməli, az qala "izqoy” dövlətə çevrilməli, onun-bunun hədəfi olmalı idi? Niyə belə olmalı idi? Problem təkcə nüvə silahındadırmı?

Düşünmürük. Əlbəttə, böyük nüvə dövlətləri başqa ölkələrin də bu silaha sahib olmasına həmişə qısqanclıqla yanaşıblar və indi də belə yanaşma davam edir. Pakistan nüvə silahına sahib olanda bunu alqışladılarmı? Lap müsəlman ölkəsi bir yana, bütpərəst ölkə olan Hindistan nüvə silahına problemsiz sahib oldumu? Əlbəttə ki, yox. Hələ də hesab olunur ki, hindistanlı fizik Baba məhz bu səbəbdən müəmmalı şəkildə öldü, çünki Dehlinin nüvə proqramının rəhbəri idi. Heç pakistanlı fiziklər üçün də öz ölkələrinin nüvə silahına sahib olması problemsiz başa gəlmədi.

Bunları niyə görə deyirik? İranın "molla rejimi” daim gileylənir ki, ABŞ və digər ölkələr bizə mane olur, mütəxəssislərimizi öldürür, ölkəyə təzyiq edirlər. Halbuki demirlər ki, illərdir guya bu məsələ ilə məşğuldurlar, amma hələ də onu nə başa çatdıra bilirlər, nə də yekunlaşdıra! Ötən illərdə deyilirdi ki, Şimali Koreya kimi sərsəm dövlət artıq hidrogen bombasına sahibdir. ABŞ və ya digər Qərb dövlətləri buna alqış dedilərmi? Demədilər. Amma koreyalılar bunu bacardı, siz isə bacarmırsınız axı...

Əvvəldə də dedik ki, İran nə kiçik ölkədir, nə də balaca və gənc dövlət. Əlbəttə, ötən əsrdə müəyyən problemlər yaşayıb və indi də yaşayır. Hindistan belə problem yaşamayıbmı, İrandan fərqli olaraq elə ötən əsrdə müstəqillik qazanmayıbmı? Hazırda ABŞ-ı müəyyən təşvişə salan Çin də elə ötən əsrdə müstəqillik qazanmadımı?..

Belə olan halda, baxın, bu ölkənin — İranın neçə min illik tarixi var. Bu tarixin izləri Babilistandan, Qədim Yunanıstandan, Böyük İsgəndərdən gəlir. İran əhalisinin böyük əksəriyyətini təşkil edən iki xalqın — türklərin və farsların tarixini kiməsə xatırlatmağa ehtiyac varmı? Həqiqətən də möhtəşəm tarixdir.

Amma bu gün nə baş verir? İranın teokratik rejimi ölkəni "qapazaltı dövlət”ə çevirib. Budurmu "molla rejimi”nin xidməti?

Pəhləvi sülaləsi, xüsusən də sonuncu şah haqqında çox şey deyilir. Söz yox, o, hər şeydən əvvəl despotik Şərq monarxiyası idi və onun böyük repressiv potensialının olmasını da qəti istisna etmirik. İran şahı, keçmiş Pəhləvi dissident-demokrat deyildi — despot idi, monarx idi və onun monarxiya institutu liberal İngiltərənin və ya başqa bir Avropa ölkəsinin monarxiya institutu deyildi. Adam müəyyən qədər Qərb təhsilli olsa da, bütün hallarda keçmiş Rza şah idi — bir daha deyirik ki, Şərq despotu idi. Hətta üç xanımı da vardı. Qərb tərbiyəsi görmüş adamda belə bir şey ola bilərdimi? Bu, şərqli-müsəlman cəmiyyətləri üçün xarakterik bir xüsusiyyət idi.

Amma bu illər ərzində başqa şeylər də deyilir və yazılır. Məsələn, yazırdılar ki, guya Pəhləvilərə qədər İranda nəinki universitetlər, heç dünyəvi məktəblər də yox imiş. Ölkədə dünyəvi məhkəmə belə yoxmuş, az qala hər şeyi şəriət məhkəmələri həll edirmiş. Əlbəttə, İranın yaxın və uzaq tarixi üzrə mütəxəssis deyilik, amma ruhanilər az zülm edibmi İran vətəndaşlarına? Pəhləvilərdən sonra guya repressiyalar azaldı?

Vaxtilə iranlı siyasi mühacirlər deyirdi ki, gənclərinizi ruhani təhsili almaq üçün İrana göndərməyin, orada "molla”lar ruhani yox, az qala "başkəsən” hazırlayırlar. Gənclərə Qurandan və islamdan daha çox vuruşmağı — döyüşməyi və ideoloji-siyasi təxribat törətməyi öyrədirlər.

Hətta bir vaxt başqa şeylər də yazılırdı: guya Rza Pəhləvi deyirmiş ki, İranı Cənubi Koreyaya çevirəcəyəm və bundan sonra müttəfiqlərinin ona münasibəti soyuyub.

İnanın, bütün bunların tam həqiqət olduğunu demirik. Hətta şah devriləndən, insanlar "molları” tanıyandan sonra əhali arasında müəyyən peşmançılıq yarandığı da deyilirdi. Bu da mümkündür, çünki belə rejimlərdə hər yeni hakimiyyət keçmiş hakimiyyətin, necə deyərlər, atasına rəhmət oxutdurur. Bəli, bu da var...

Qərb siyasətçiləri bir çox hallarda, yumşaq desək, Şərq–müsəlman dünyasına qarşı elə də səmimi olmurlar, daim bu ölkələrə ən axmaq siyasi ssenariləri sırımağa çalışırlar.

Güman ki, məqsəd də budur — bu ölkələr inkişafdan geri qalsın. Türkiyə müsəlman dünyasının az-çox həqiqətən dünyəvi və demokratik ölkəsidir. Amma niyə ona münasibətdə qərblilər səmimi deyil? Niyə bu müsəlman modelinin daha da inkişaf etməsinə, digər müsəlman ölkələrinin də onu seçməsinə dəstək vermirlər, yardımçı olmurlar?..

Demək istədiyim budur ki, bir çox məsələlər göründüyündən qat-qat qəlizdir. Ona görə də qonşu İranın insanları ilk növbədə ölkələrindəki rejimdən qurtulmağa can atmalıdırlar. İran cəmiyyətinin bu şansı hələ də qalır.

Ən birincisi, ABŞ və İsrail buna işarə edir. İkincisi, İran rejiminin əsas dayağı olan SEPAH raket zərbələrindən sonra başını qaldırıb göyə belə baxa bilmir. Üçüncüsü, heç bir hakimiyyət öz xalqından güclü olmaz — bəli, başqa xalqlardan və dövlətlərdən güclü ola bilər, amma öz xalqından heç vaxt güclü ola bilməz.

Bir neçə dəfə yazmışıq: SEPAH küçə və meydanlarda yüz minlərlə adamı görsə, nə edəcək? Təyyarələrə minib harasa qaçacaqlar. Halbuki qaçmaq üçün də yer qoymayıblar...

Belə olan halda, kimsə — xüsusən biz, quzeyli azərbaycanlılar — istəmirik ki, oradakı on milyonlarla sadə milli və dini qardaşlarımız böyük fəlakətlər yaşasın. Onların günahı yoxdur.

Qədim İran əfsanəsinə görə Qaf dağında yaşayan Cənnət quşu — Simurq var. O, dəfələrlə oda-atəşə atılsa da yanmır, sönən odun külündən yenidən dirilib çıxır. Ümid edirik ki, İran da belə olacaq.

Normal siyasətçi, onun təmsil etdiyi "siyasi vektor” hiss edəndə ki, ölkəsi və ya milləti ona görə problemlər yaşayır, sakitcə kənara çəkilər.

Amma digər tərəfdən baxanda düşünürsən ki, real siyasətdə belə "qanacaqlı adamlar” olurmu?

Baxın, Suriyada Bəşər Əsəd ölkəsini demək olar ki, tam çökdürənədək geri çəkilmədi, axırda da qaçıb Moskvaya sığındı. İranlı "molla”ların da "məntiqi” eynidir. Onlar hələ də "haqlı” olduqlarına əmindirlər.

Amma belə deyil axı...

Hüseynbala Səlimov

--> -->