Qərb ölkələri Rusiyanın nüvə sektorundan ciddi şəkildə asılı olaraq qalır.
Qaynarinfo xəbər verir ki, "The Times” qəzetinin yazdığına görə, Böyük Britaniyada 2,5 milyondan çox ev məhz Rusiya mənşəli nüvə yanacağı hesabına elektrik enerjisi ilə təmin olunur.
Söhbət xüsusilə yalnız Rusiyada emal olunmuş uranla işləyən Sizewell B atom elektrik stansiyasından gedir. Böyük Britaniyada fəaliyyət göstərən bütün AES-lərin sahibi və operatoru olan "EDF Energy” şirkəti bildirib ki, stansiya "uzunmüddətli öhdəliklər” səbəbindən hələ də bu yanacaqdan istifadə edir.
Məlumata görə, nüvə yanacağının istehsalı mürəkkəb zəncir üzrə həyata keçirilir. İlk mərhələdə uran Rusiyada emal olunur, daha sonra Almaniyaya göndərilərək yanacaq elementlərinə çevrilir və sonda Sizewell B stansiyasına çatdırılır.
Qəzet qeyd edir ki, bu vəziyyət Qərbin Rusiyanın nüvə sektorundan dərin asılılığını açıq şəkildə nümayiş etdirir. Rusiyanın dövlət korporasiyası "Rosatom” dünya üzrə uranın zənginləşdirilməsi güclərinin təxminən 40%-nə və atom elektrik stansiyaları üçün reaktor ixrac bazarının 65%-nə nəzarət edir. Bu isə onu Kremlin mühüm geosiyasi təsir alətlərindən birinə çevirir.
Bununla belə, G7 ölkələri və Avropa İttifaqı indiyədək "Rosatom”a qarşı tammiqyaslı sanksiyalar tətbiq etməyib. Analitiklərin fikrincə, bu, nüvə yanacağı tədarükündə Rusiyadan yüksək asılılıqla bağlıdır.
2023-cü ildə Rusiya zənginləşdirilmiş uran ixracından təxminən 2,7 milyard dollar gəlir əldə edib və bu məhsulun əsas alıcıları arasında ABŞ və Aİ ölkələri də olub.
Aydın
Şərhlər