Rusiya işğal olunmuş Ukrayna ərazilərindəki resursları hərraca çıxarır və artıq Luqansk vilayətində yerləşən iri qızıl yataqlarından birini satıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva dövlət onlayn hərracları vasitəsilə bu ərazilərin təbii ehtiyatlarına nəzarəti artırır. Satışa çıxarılan aktivlər arasında şaxtalar, karyerlər və kənd təsərrüfatı sahələri də var.
Artıq satılan aktivlər sırasında Luqansk vilayətində yerləşən dörd şaxtadan qumdaşı, çınqıl, qranit və təbaşir hasilatı hüquqları da yer alır.
Ən iri sövdələşmələrdən biri Luqanskdakı Bobrikivske qızıl yatağının işlənməsi hüququnun satışı olub. Bu hüquqları "Alçevskpromqrup” şirkəti 9,7 milyon dollara əldə edib. Şirkət əsasən Rusiyanın Uzaq Şərqində fəaliyyət göstərən "Polyanka” mədən şirkətinin nəzarətindədir.
Hərrac sənədlərinə əsasən, yatağın ehtiyatları təxminən 1,64 ton qızıl təşkil edir ki, bu da mövcud qiymətlərlə təxminən 260 milyon dollar dəyərində qiymətləndirilir.
Bu yatağın işlənməsi ilə əvvəllər Avstraliyanın "Korab Resources” şirkəti məşğul olub. Lakin şirkət 2014-cü ildə Rusiya tərəfindən ərazinin işğalından sonra fəaliyyətini dayandırıb və layihəni bağlayıb.
Sentyabr ayında çəkilmiş peyk görüntüləri yataqda işlərin başlana biləcəyini göstərir. Ərazidə texnika izləri, ekskavator və mədən tullantılarının yaxınlığında yerləşən konteynerlər müşahidə olunub.
Ekspertlər qeyd edir ki, işğal olunmuş ərazilərin saxlanması Rusiya üçün baha başa gəlir. Lakin bu ərazilərin təbii və sənaye resurslarının istifadəsi müharibə xərcləri və beynəlxalq sanksiyalar fonunda mühüm maliyyə mənbəyinə çevrilə bilər.
Vaşinqtondakı Müharibənin Öyrənilməsi İnstitutunun tədqiqatçısı Karolina Hird bildirib: "Bu, vəziyyəti elə nöqtəyə gətirə bilər ki, işğal Rusiya üçün faktiki olaraq gəlirli olsun.”
Aydın
Şərhlər