"Ola bilsin ABŞ rəsmiləri Avropa İttifaqı ilə bəzi fikir ayrılıqlarını azaltmaq üçün Slovakiya və Macarıstandan hansısa mərhələdə əlavə təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ dövlət katibi Marko Rubionun Münhen Təhlükəsizlik Konfransının ardınca, Avropa İttifaqında ziddiyyətlərin mənbəyi olan Macarıstan və Slovakiyaya səfər etməsini şərh edərkən deyib.
Həmsöhbətimiz ABŞ rəsmisinin bu səfərlərinə təbii yanaşır:
"Səfər tamamilə təbiidir. Bu səfərlərin xüsusu bir məqsəd daşıdığını görmürəm. Çünki Avropa liderlərilə ABŞ prezidenti arasında çoxsaylı intensiv görüşlər, hətta onlayn tədbirləri də olub. Belədə onlar bir-birilərinin mövqeyini, yanaşma tərzlərini də gözəl bilirlər. Amma Macarıstan və Slovakiyanın Avropada bir sıra məsələlərə xüsusi baxışları var. Qitədə məsələlərə xüsusi baxışları olan ölkələr çoxdur, lakin bu baxışları dilə gətirənlər əsasən, həmin iki ölkə liderləridir. Ona görə də onlarla ayrıca görüşüb, müəyyən məsələləri müzakirə etmək də tamamilə təbiidir. ABŞ-ın bunu hansı məqsədlə həyata keçirdiyi isə başqa məsələdir. Ola bilsin ABŞ rəsmiləri Avropa İttifaqı ilə bəzi fikir ayrılıqlarını azaltmaq üçün həmin bu iki ölkədən hansısa mərhələdə əlavə təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir. Bildiyimiz kimi, həm Macarıstan, həm də Slovakiya baş nazirləri, yəni hər ikisi Donald Trampa xas olan xüsusiyyətlərə malikdirlər. Bu mənada, Trampın çomağın hansı üzünü çevirəcəyini şərait göstərəcək".
Bu iki liderlə Rubionun görüşündən sonra Vaşinqtonun Aİ-yə münasibətində dəyişikliklərin olub-olmayacağına gəldikdə, həmsöhbətimiz bu məsələdə hər iki variantı istisna etmir:
"Siyasətçi hər bir yeniliyi, hər bir sərbəst fiquru yaxşı öyrənməli, onu bilməlidir. Bu baxımdan, Rubionun sözügedən iki ölkəyə səfəri anlaşılandır".
Ekspertin fikrincə, bu fiqurlardan hansı oyunda və necə istifadə olunacağı isə konkret şəraitdən və Trampın əhval-ruhiyyəsinin hansı vəziyyətdə olmasından asılıdır.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransından dərhal sonra Macarıstan və Slovakiyaya səfər edib.
Bazar günü o, Bratislavada Slovakiya baş naziri Robert Fiko ilə görüşüb. Bu gün isə Budapeştdə Macarıstan baş naziri Viktor Orbanla görüşməlidir.
Xatırladaq ki, Macarıstan və Slovakiya hökumətləri Avropa İttifaqında kəskin fərqli mövqelərilə seçilən hökumətlərdir. Həm Orban, həm də Fiko dəfələrlə Aİ-nin Ukrayna siyasətinə qarşı çıxış edib. Bildiyimiz kimi, ABŞ-la Aİ arasında da münasibətlərdə soyuqluq yaşanır. Düzdür, Rubionun Münhen konfransındakı çıxışı bu soyuqluğu müəyyən qədər azaldıb. Amma bütün hallarda tərəflər arasında gərginlik qalmaqdadır. Belə bir vəziyyətdə, Rubio Aİ-nin aparıcı ölkələrinə deyil, təşkilatda müxalif rolunu oynayan Slovakiya və Macarıstana səfər edir.
Rüfət Sultan
Şərhlər