Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman İsmayılovla dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəriman İsmayılov əvvəldən tanıdığı şəxslərdən birinin dələduzluğu ilə üzləşib. Həmin şəxs Mingəçevir şəhəri, N. Rəfibəyli küçəsində yerləşən 0,07 ha torpaq sahəsini ona satacağı barədə vəd verib və bunun müqabilində icra nümayəndəsindən 70 000 manat pul alıb. Lakin vədini yerinə yetirməyib. Bildirilir ki, o, daha bir neçə nəfərə qarşı da dələduzluq edib.
Şikayətlər əsasında saxlanılan həmin şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, xüsusilə Nəriman İsmayılova qarşı olan epizodu qəbul etməyib. Müttəhim bildirib ki, həmin torpaq sahəsini guya "böyük məmur”a satması barədə deyilənlər yalandır. Onun sözlərinə görə, Nəriman İsmayılov sözügedən məmurun qohumudur və məhz həmin vəzifəli şəxs tərəfindən zərərçəkmiş kimi ondan şikayətçi olmağa məcbur edilib.
Mediada yayılan məlumatlara əsasən, Nəriman İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yaxın qohumudur. Ehtimal olunur ki, müttəhim məhz icra başçısını nəzərdə tutur.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aydın
Şərhlər