Xəbər lenti

Dünya 13:00 14.03.2025

"Tramp Rusiyaya təzyiqləri artacaq" - Politoloq

"Kremlin atəşkəsi rədd etməsi fonunda Donald Trampın Rusiyaya qarşı təzyiqləri artacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya prezidenti Vladimir Putinin Ukraynada 30 günlük atəşkəsə nail olmaq təklifinə verdiyi reaksiyanı şərh edərkən deyib.

"Ukraynaya Trampın təzyiqlərindən sonra razılaşdırılmış 30 günlük atəşkəs qərarını Rusiyanın diplomatik şəkildə rədd etməsi hadisələrin gedişinə təsir edəcək. Məsələ ondadır ki, Ukrayna buna razılıq verməklə diqqətləri Rusiyanın üzərinə yönəltdi. Rusiya bu günə kimi sakit dayandığı danışıqlar prosesində mövqeyini bildirməyə məcbur buraxıldı", deyə Azər Qasımov bildirib.



Ekspert deyib ki, Rusiyanın qərarı Trampın mövqeyinə təsir edəcək gücdə olacaq:

"Putin təbii olaraq Kurskda irəliləyiş əldə edərkən belə bir atəşkəsə razı olmazdı. Çünki bu, Ukrayna ordusunun yenidən toparlanmasına gətirib çıxaracaqdı. Rusiya da bunu qeyd edib".

Politoloq düşünür ki, belə bir cavabdan sonra Trampın Rusiyaya olan təzyiqlərinin artacağı gözlənilir:

"Rusiyanı atəşkəsə məcbur etmək üçün addımlar atıla bilər. Sanksiyaların ciddi şəkildə sərtləşdirilməsi olmasa da, müəyyən sanksiyalar da tətbiq edilə bilər. Bütün hallarda Tramp hələlik Putinlə danışıqlar mühitini tamamilə pozmayacaq. Tramp Putinlə danışıqlarda maraqlıdır".

Qeyd edək ki, Ukraynanın 30 günlük atəşkəs razılaşmasına müsbət cavab verməsinə baxmayaraq, Rusiyanın ona cavabı mənfi oldu. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatları dayandırmaq təklifinə razıdır, lakin bu vəziyyət uzunmüddətli sülhə gətirib çıxarmalıdır:

"Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin ondan çıxış edirik ki, bu proses uzunmüddətli sülhə gətirib çıxarsın və böhranın ilkin səbəblərini aradan qaldırsın".

Putin qeyd edib ki, Rusiya tərəfi həmçinin 30 günlük atəşkəs müddətində Ukrayna tərəfinin əsgərlərə təlim keçməyəcəyi və silah almayacağı ilə bağlı təminat gözləyir. ABŞ prezidenti Donald Tramp isə rusiyalı həmkarının cavabına münasibət bildirərkən deyib ki, Putin çox ümidverici bəyanat verdi, lakin bu, natamam idi. Ardınca Tramp qeyd edib ki, atəşkəsə nail olmaq üçün Rusiya prezidentilə danışmağa hazırdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->