ABŞ vətəndaşlarının əksəriyyəti prezident Donald Trampın Rusiya ilə həddindən artıq yaxın əlaqələrinin olduğunu düşünür.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters/Ipsos sorğusunun nəticələrinə istinadən The Hill məlumat
yayıb.
Sorğu iştirakçılarının 56%-i Trampın Moskva ilə çox yaxın olduğunu təsdiqləyib.
Eyni zamanda, amerikalıların 44%-i Trampın müharibənin tənzimlənməsi və ABŞ-Ukrayna faydalı qazıntı hasilatı razılaşması ilə bağlı planını dəstəklədiyini bildirib. Bu mövqeni respondentlərin üçdə iki hissəsini təşkil edən respublikaçılar və hər beşinci demokrat bölüşüb.
"Məlumat toplanması bu həftə iki gün davam edib və çərşənbə günü başa çatıb. Sorğu Ukraynadakı müharibənin dayandırılması məqsədilə ABŞ tərəfindən təklif edilən atəşkəs razılaşması ilə bağlı danışıqlar fonunda keçirilib", - deyə məqalədə qeyd olunub.
Sorğuda 1422 yetkin amerikalı iştirak edib, nəticələrin xətası 3 faiz bəndi təşkil edir.
Bundan əvvəl The Telegraph yazmışdı ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın qələbəsini əlindən alaraq Putinə "xilas halqası" uzadır. Nəşrin fikrincə, Trampın komandası əmindir ki, ABŞ liderinin əsas məqsədi Rusiyanı Çindən ayırmaqdır və bu səbəbdən o, "Ukraynanı böyük güclərin şahmat oyununda qurban verməyə" hazırdır.
Eyni zamanda, The Atlantic nəşri qeyd edib ki, Tramp Ukraynadakı müharibəni Putinin şərtləri əsasında başa çatdırmaq istəyir. Məqalədə vurğulanır ki, ABŞ prezidentinin son açıqlamaları təkcə zorakılığı dayandırmamaq, hətta onu daha da artırmaq niyyətindən xəbər verir.
Alpər
Şərhlər