Xəbər lenti

Dünya 12:17 14.03.2025

"Telegraph": Putin klassik Rusiya taktikasından istifadə edərək atəşkəsi gecikdirir

"The Telegraph" yazır ki, 30 günlük atəşkəs təklifinə qarşı Putin üç variant arasında seçim etməli idi: ya təklifi qəbul edərək döyüş meydanında təşəbbüsü itirmək, ya rədd etməklə Trampın qəzəbinə tuş gəlmək, ya da vəziyyəti mümkün qədər uzadaraq döyüşləri davam etdirmək. 

Qaynarinfo xəbər verir ki, nəşr Putinin üçüncü variantı seçdiyini qeyd edir.  

Rusiya lideri atəşkəs ideyasını dəstəklədiyini bildirsə də, bunun yalnız "müəyyən nüanslar” nəzərə alınmaqla baş verə biləcəyini vurğulayıb. The Telegraph bunu Kremlin ənənəvi taktikasının bir hissəsi kimi qiymətləndirir: Rusiya hər bir təklifi sonsuz detallara bölərək danışıqları uzadır və maksimal güzəştlər qoparmağa çalışır.  

Tramp administrasiyası indi Putinin "mübahisəli detalları" ilə razılaşmadan atəşkəsə dərhal əməl edilməsini tələb edə bilər. Bunun üçün Rusiya iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq edilə bilər. Məqalədə bildirilir ki, Putin "məğlubedilməz deyil": gündə 1000-ə qədər itki verir, iqtisadiyyatı isə ciddi problemlərlə üzləşib. ABŞ təzyiqləri artırarsa, Kreml geri çəkilə bilər.  

Bununla belə, əgər Vaşinqton Putinin şərtlərini müzakirə etməyə razılaşarsa, bu, ABŞ-ın keçmiş prezidentlərinin buraxdığı səhvlərin təkrarı olacaq. Rusiya lideri isə müzakirələri uzatmağa və Ukraynanı günahlandırmağa çalışacaq.  

Qeyd olunur ki, Putin atəşkəs üçün Ukraynanın səfərbərliyi dayandırmasını və hərbi yardım qəbul etməməsini tələb edir. Zelenski isə Putinin məqsədinin sadəcə vaxt qazanmaq olduğunu deyir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->