ABŞ prezidenti Donald Tramp İran limanlarına qarşı tam dəniz blokadasının başlandığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, İranın Hərbi Dəniz Qüvvələri artıq faktiki olaraq "dənizin dibindədir”. O bildirib ki, Yaxın Şərqdə keçirilən əməliyyatlar zamanı İranın 158 gəmisı tam məhv edilib.
"Biz onların yalnız az sayda, özlərinin "sürətli hücum gəmiləri" adlandırdıqları vasitələrinə zərbə endirmədik, çünki onları ciddi təhlükə hesab etmədik", deyə Tramp qeyd edib.
ABŞ prezidenti vurğulayıb ki, bu gəmilərdən hər hansı biri elan olunmuş blokada zonasına yaxınlaşarsa, dərhal məhv ediləcək. Onun sözlərinə görə, ABŞ dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyi məhv etmə sistemlərindən yararlanacaq.
"Bu, sürətli və amansızdır. P.S. ABŞ-a dəniz yolu ilə daxil olan narkotiklərin 98,2%-i dayandırılıb!", deyə Donald Tramp əlavə edib.
"Bloomberg"in məlumatına görə, ABŞ-ın İran limanlarının blokadası ilə bağlı planı məlum olub. Sənədə görə, blokada başlayan ana qədər İran sularında olan gəmilərə ərazini tərk etmək tapşırılıb, əks halda, həmin gəmilər "dayandırılma, istiqamətinin dəyişdirilməsi və ələ keçirilmə” riskinə məruz qalacaq.
Bu arada ABŞ-ın Hörmüz boğazını blokadaya alması fonunda İran ordusu "maksimum döyüş hazırlığı" vəziyyətinə gətirilib. "CNN World"ün məlumatına görə, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.
Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.
Aydın
Şərhlər