İranda ümumölkə üzrə internet blokadasının rekord müddətə çatdığı bildirilir. Məlumata görə, ölkədə internetə çıxış səviyyəsi normalın cəmi 1%-i həddində qalıb.
Qaynarinfo xəbər verir ki, "Tom’s Hardware” nəşrinin yaydığı xəbərə əsasən, İranda internet kəsintisi 1000 saatdan çox davam edərək tarixdə ən uzun blokadalardan biri kimi qeydə alınıb. "NetBlocks” monitorinq xidməti isə bu göstəricinin yalnız Liviyada "Ərəb baharı” dövründə baş verən və təxminən altı ay davam edən kəsintidən sonra ikinci ən uzun müddət olduğunu bildirib.
Məlumata görə, internet məhdudiyyətləri 28 fevral tarixində ABŞ-İsrail birgə hərbi hücumları fonunda sərtləşdirilib. "Cloudflare Radar” həmin gün Tehran vaxtı ilə saat 07:00 radələrində ölkə üzrə HTTP trafikində 98%-lik kəskin azalma qeydə alıb. Eyni vaxtda Tehran, Fars, İsfahan, Rəzəvi Xorasan və Əlborz bölgələrində geniş internet kəsintiləri baş verib.
Hazırda internetə qismən çıxış yalnız müəyyən IPv4 marşrutları vasitəsilə mümkündür. Bu vəziyyət ölkə daxilində məhdud istifadəçilərə icazə verən "ağ siyahı” sistemi kimi qiymətləndirilir. İran tərəfi isə çıxışın əsasən Milli İnformasiya Şəbəkəsi üzərindən təmin olunduğunu bildirir.
Peyk interneti də alternativ kimi effektiv nəticə verməyib. Bildirilir ki, bəzi ərazilərdə Starlink xidmətinə qarşı "hərbi səviyyəli bloklama” tətbiq edilir və avadanlıqların istifadəsi ciddi cəzalarla nəticələnə bilər.
Hazırkı məhdudiyyətlər yanvar ayında baş verən etirazlar zamanı tətbiq edilən internet məhdudiyyətlərini daha da sərtləşdirib. Rəsmilər əvvəlki kəsintilərin ölkə iqtisadiyyatına gündəlik milyonlarla dollar zərər vurduğunu açıqlayıb.
Beynəlxalq insan haqları təşkilatları isə internet məhdudiyyətlərini tənqid edərək bunun əhalinin məlumat almaq hüququnu ciddi şəkildə məhdudlaşdırdığını bildiriblər. İnsan Hüquqları Müşahidə Qrupu və "Amnesty International” İran hakimiyyətini internetə çıxışı bərpa etməyə çağırıb.
Günay
Şərhlər